Bəşər bu gün kasıbladı (VİDEO)

Bəşər bu gün kasıbladı (VİDEO)
22:31 29 Yanvar 2015
420 Digər
Ölkə mətbuatı
A- A+

Xalq şairi Vaqif Səmədoğlu bu gün son mənzilə yola salındı.

Uzun sürən onkoloji xəstəlik nəticəsində ötən gün vəfat edən xalq şairi ilə bu gün Akademik Milli Dram Teatrında vida mərasimi oldu. Bir neçə ay əvvəl yaxınlarını, dostlarını və nahayət sevənlərini bu teatra dəvət edən şair bu gün onlarla sonuncu dəfə vidalaşırdı. Əslində onun bundan sonra çox yaşamayacağını bildiklərindən hər kəs Vaqif Səmədoğlu ilə elə o vaxt yubiley mərasimində vidalaşmışdı. İndi isə şairlə halallaşmaq anı idi.

Sevgilim mən öləndə, bir küncdə xısın-xısın ağlayacaqsanmı sən, kimin xarabasında bir damla yaşa dönüb, düşəcəyəm gözündən...

Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə xanımı xısın-xısın ağlayan görəndə yadıma şairin bu şeri düşdü. Yaxınlaşıb başsağlığı verdim, eynən onun kimi. Titrəyə-titrəyə. "Vaqif Səmədoğlu sizə nə qədər əzizdirsə, inanın bizə də o qədər əziz idi" dedim. Sonra da utana-utana ondan xahiş etdim ki, şairin ölüm qabağı portretini cızsın bizə. Çox sərt xahiş idi, amma Nüşabə xanım cavablandırmaq üçün özündə təpər tapdı.

“O çox mərd adam idi. Otaqdan məni çıxarırdı ki, mən onun ölümünü görməyim. Dedi ölürəm? Dedim yox! Mənə göz vurdu ki, onun zarafat etdiyini düşünüm” – deyə Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bildirdi.

Vaxtsız ölsəm çox yaşadı deyin, vaxtsız öldü deyin qoca ölsəm. Bir il yatıb ölsəm, qəflətən öldü deyin. Uzun sürən xəstəlikdən sonra öldü deyin, qəflətən ölsəm. Səməd Vurğunun əmisi qızı Gülzar Vəkilova üçün də şairin ölümü qəfil olmuşdu.

“Axşam televizorda Vaqif Səmədoğlunun öldüyünü eşidəndə, dedim su dayandı. Sel gəldi, su da yandı. Kürəyimi qarlı dağa söykədim, alışdı o da yandı”.

Əlbəttə bu ağı Vaqif Səmədoğlunun üslubu deyildi. Ümumiyyətlə, Vaqif Səmədoğlunun üslubu çoxlarına xoş gəlməyə bilərdi. Gəlsəydi, türklər demiş zatən o Vaqif Səmədoğlu olmazdı da....

Yazıçı Seyran Səxavət deyir ki, Vaqif sözdə də sırf özününkü idi: “Elə məişətdə də, həyatda da özününkü idi. Doğulan gündən ancaq Vaqif Səmədoğlu, ancaq Vaqif Səmədoğluna məxsusdur. Heç vaxt yamaq olmayıb. Həm bir insan kimi, həm də çox nəhəng böyük bir yaradıcı kimi. Biz onu ancaq fiziki cəhətddən itirmişik və Azərbaycan ədəbiyyatına fiziki cəhəddən itirdiyinə görə mən baş sağlığı verirəm. Vaqifi biz itirməmişik. Azərbaycan ədəbiyyatına itki üz verməyib”.

Bu gün onun ölümü ilə ölümdən sonrakı ölümsüzlüyü başlayır. Bunu da Vaqif Səmədoğlu ilə hələ hərəkatdan bir yerdə olan Sabir Rüstəmxanlı dedi.

“Şübhəsiz ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatı sözü durduqcan yaşayan şairlərimizdən biridir. Ölüm dedi, amma ölüm deyəndə həm də ölümsüzlük dedi”.

Bəli, bir ailənin üç üzvünün ölkənin birinci Fəxri Xiyabanında dəfni də hər kəsə nəsib olan xoşbəxtlik deyil. Vaqif Səmədoğlu atasını, böyük qardaşını bu xiyabanda tək qoymadı. O, sadəcə bizi tək qoydu. Onu sevənləri və özünün sevdiklərini... Vaqif Səmədoğlunun şerləri, mahnıları və xatirələrilə baş-başa.

Mənbə
ANS TV: Ləman Əliəşrəfqızı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR