Azərbaycan Velosiped İdmanı Federasiyası bayram yürüşü təşkil edib (FOTO)

Azərbaycan Velosiped İdmanı Federasiyası bayram yürüşü təşkil edib (FOTO)
22:53 27 Dekabr 2014
218 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası "SharkHead" velosipedçilər klubu ilə birlikdə velosiped həvəskarları üçün "Critical X-Mass Baku" yürüşü keçirib. Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bayram əhval-ruhiyyəsində keçirilən tədbir başlamazdan öncə yürüş iştirakçılarını tandem velosipedlə Azadlıq Meydanına gələn Şaxta Baba və Qar Qız salamlayıb. 200-dən artıq peşəkar və həvəskar velosipedçinin qatıldığı veloyürüş Hökumət Evinin qarşısından start götürüb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, artıq ənənə halını alan yürüşə maraq ildən-ilə artır:

"Hər şeydən öncə qarşıdan gələn bayramlar münasibətilə xalqımızı federasiyamız adından səmimi qəlbdən təbrik edirəm. Bildiyiniz kimi, hər ilin sonunda Azərbaycan Velosiped İdmanı Federasiyası həvəskarlar üçün belə bir yürüş təşkil edir. Builki yürüşdə "SharkHead" velosipedçilər klubu da aktiv şəkildə iştirak edir. Bizi sevindirən əsas məqam bu cür yürüşlərə insanların marağının durmadan artmasıdır. Bu yürüş həm də ona görə vacibdir ki, qoy avtonəqliyyat vasitələri sahibləri velosipedçilərlə eyni yolda hərəkət etməyin mümkünlüyünü qəbul etsinlər".

Bayram tədbirinin müxtəlif yaş qrupuna aid olan iştirakçıları şəhər küçələri ilə 18 km məsafə qət ediblər və yürüş elə başladığı yerdə sona çatıb. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR