Aktrisa Nərmin Nəbiyevanın Milli.Az-a müsahibəsi.
- Nərmin xanım, siz Dövlət Kukla Teatrının gənc aktrisalarından birisiniz. Bura gəlişiniz necə oldu?
- Mən Dövlət Mədəniyyət və İncəsənət Universitetnin estrada aktyorluğu fakültəsini bitirmişəm. Rəhmətlik Telman Adıgözəlovun kursunda təhsil almışam. Universiteti bitirdikdən sonra Kukla Teatrının mərhum baş rejissoru Rəhman Əlizadənin yanına gəldim və işləmək üçün ona müraciət etdim. O, üzümə baxan kimi məni işə qəbul etdi. Hətta səhəri gün rol da verdi (gülür). Bu teatrın səhnəsində fəaliyyətimə belə başladım.
- Teatra gəldiyiniz günün səhəri sizə rol həvalə olunması sizi qorxutmadı? İşinizin öhdəsindən necə gələ bildiniz?
- Sözün düzü, bir az təəccübləndim. Kuklalarla “dil tapmaq” lazım idi. Təzə olduğuma görə, başlanğıcda haradasa mənim üçün çətin görünürdü. Amma zaman keçdikcə əlim kuklalara öyrəşdi.
- Kuklalara əliniz yatandan sonra Rəhman Əlizadə sizə baş rol həvalə etdimi?
- Bəli, “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasında Şərəfnisə rolunu oynamışam.
- Daha sonra “Pinokkionun sərgüzəştləri”, “Göyçək Fatma”, “Balaca şahzadə”, “ Dəli Domrul” tamaşalarında da rol almısınız. Bəs indi necə, yeni tamaşalarınız var?
- İndi yoxdur. Hələ ki, köhnə tamaşaları oynayıram.
- Bizim serialları çəkən rejissorlar aktrisa seçimi zamanı sizin teatrın aktrisalarına nədənsə nadir hallarda müraciət edirlər. Aktrisanın qazancı ya səhnədən, ya da kinodan çıxır. Siz isə teatrın səhnəsindən kənara çıxmırsınız. Yəni ki, seriallara çəkilmirsiniz. Təklif yoxdur, yoxsa pula ehtiyacınız yoxdur?
- Təkliflər almışam. Sadəcə olaraq, seriallarda çəkilmək istəmirəm. Mənim üçün bu teatrın səhnəsi kifayət edir.
- Axı məvacibiniz çox azdır. Bəs gələcəkdə dolanışığınızı nəzərə almırsınız?
- Şükürlər olsun ki, indi maddi baxımdan elə də çətinlik çəkmirəm. Allah atamın canını sağ eləsin (gülür).
- Gənc bir aktrisa kimi necə düşünürsünüz, hal-hazırda müəyyən açıq-saçıqlığın filmə, yaxud da teatr səhnəsinə “daşınması” nə qədər məqsədəuyğundur?
- Məncə, buna ehtiyac yoxdur. Bu, onsuz da, bizdə alınmır. Məndən soruşsanız, mən də belə səhnələrdə rol almaram.
- Aktrisa sözünü ümumilikdə necə xarakterizə edərsiniz?
- Fikrimcə, aktrisa ona həvalə olunan rolu əvvəl özü yaxşı dərk edib, sonra da tamaşaçı qarşısında məsuliyyətlə oynamağı bacarmalıdır.
- Hər rolu?..
- Hansısa bir roldan imtina etmək aktirsanın hüququdur. Amma ümumilikdə götürsək, rolun yaxşısı, pisi olmur. Aktrisa üçün rol elə rol olaraq da qalmalıdır.
- Səhnədən neçə yaşınızda “düşməyi” planlaşdırırsınız?
- Hələ təzə başlamışam (gülür). Sözün düzü, məni bu sənətə məhz KuklaTeatrı bağlayıb. Başqa teatr olsaydı, bəlkə də belə həvəslə işləməzdim və bir neçə ildən sonra sənətdən uzaqlaşardım.
- Bu peşəyə ümumilikdə belə həvəssiz yanaşmağınızın səbəbi nədir ki?
- Əslində, həvəssiz deyiləm. Sadəcə olaraq, aktrisa kimi məşhur olmaq istəmirəm. Bu sənətdə öyrəndiklərimi başqalarına da öyrətməyi daha üstün tuturam.
- Dərs deməyi planlaşdırırsınız?
- Bəli, Dövlət Mədəniyyət və İncəsənət Univeristetində kuklalarla bağlı bir fakültə yaradılır. İnşallah, orada pedaqoq kimi fəaliyyət göstərmək niyyətim var.
Cavidan Abdullayev
Milli.Az