Evdə son sözü kim söyləməlidir?

Evdə son sözü kim söyləməlidir?
00:27 30 Yanvar 2015
672 Sosial
Ölkə mətbuatı
A- A+

Ailə insanları həyata hazırlayan bir məktəb hesab edilir. Doğruluq, dürüstlük, şəfqət və mərhəmət kimi gözəl hisslər də məhz ailə içində qazanılır. Lakin ailədə baş verən proseslərə kimin daha çox təsir etdiyi, verilən qərarlarda kimin fikrinin üstünlük təşkil etməsi müxtəlif cəmiyyətlərdə fərqlidir. Bu baxımdan bir sıra cəmiyyətlərdə son sözü ailədə qadınlar, bəzilərində isə kişilər söyləyirlər. Aparılan araşdırmalar əsasən qadınların fikirlərinin hakim olduğunu deyir. Bunu isə onunla əlaqələndirirlər ki, qadınların böyük əksəriyyəti ilk olaraq ev işləri və uşaqlara baxdıqları üçün hər məsələyə cavabdehdir. Eyni zamanda gənc və ali təhsilli qadınların ailə daxilində qərar verməkdə daha təsirli olduqları bildirilir.

Qadınlar “Evdə son sözü kişi söyləməlidir” deyirlər?

Bu gün bir sıra ölkələrdə, məsələn, Türkiyədə ailədə əsasən qadınların fikirləri üstünlük təşkil edir. Ev səliqəsi, alış-veriş, qohumlar və qonşu ilə əlaqədar mövzularda son sözü qadınlar söyləyirlər. Araşdırmalara görə, xüsusilə də ailədə evin səliqəsi ilə bağlı mövzularda qadınların qərarları daha üstündür. Xüsusilə də türk qadını ev qaydaları ilə bağlı qərarları kişilərə buraxmırlar. Ailədə ev qaydalarına qərar verən qadınlar 66,8 faiz təşkil edir. Kişilərlə bağlı isə bu rəqəm 27,5 faizdir. Ev qaydalarında 5 faiz uşaqların sözü keçir. Ailədə yaşlıların ev qaydalarına təsiri isə 0,7 faiz təşkil edir. Uşaqlarla bağlı mövzularda qərarlarda qadınların üstünlüyü 56 faiz olduğu halda kişilərin qərarı 39,7 faizdir. Bir çox kişilərin uzaq durduğu alış-veriş mövzusunda da qərar qadınlarındır. Belə ki, qadınların alış-veriş mövzusunda verdiyi qərarlar 53,7 faiz olduğu halda kişilərin qərarları cəmi 41,1 faiz təşkil edir.

Araşdırmalar onu da göstərib ki, “Evdə son sözü kişi söyləməlidir” deyən qadınlar üstünlük təşkil edir. Eləcə də “hər zaman kişiyə itaət etmək lazımdır” fikrini bildirənlərin də 81,67 faizi qadınlardır. Bundan başqa, qadınların 95 faizi həyat yoldaşlarının maaşını tam olaraq bilmək istəyir. Həyat yoldaşları arasında problem yaşandığında qadınların 25,34 faizi, kişilərin isə 4,33 faizi küsməyi seçir. Qadınların 33,67 faizi ağlayır, kişilər bunu heç etmir. Kişilərin 39 faizi təhqir edib bağırdığı halda qadınlar da bunu etmirlər. Əgər qadınların 23 faizi anlaşma yolu axtarırsa, kişilərin cəmi 12,67 faizi bunu edir.

“Həyat yoldaşlarınızın hər istədiyini niyə yerinə yetirirsiniz?” sualına cavab olaraq 47,30 faiz qadın “sevdiyimiz üçün” cavabını verib, “bu bir vəzifədir” düşüncəsində olan qadınlar isə 28,63 faizdir. Qadınların 17,85 faizi kişiləri əsəbləşdirməmək, 6,22 faizi isə döyülməmək üçün onların istədiklərini edirlər. Ailədaxili problemləri qadınların 17,33 faizi anasına xəbər verdiyi halda, kişilər arasında bu rəqəm 16,7 faizdir.

Son söz istəyi daha çox emosional bir prinsip halıdır

Ailədə verilən qərarlarla bağlı son sözü kimin söyləməsi barədə mütəxəssislərin də fikirləri müxtəlifdir. “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Milli.Az-a dediklərinə görə, ümumiyyətlə, bu ifadənin özü müəyyən mənada həqiqətən insanların bir-biri ilə ayrılıq və ya son sözü deməsi anlamı kimi assosiasiya edilir, ancaq evdə son söz olmaz:

“Evdə fikir ayrılığı ola bilər, birgə qərar qəbul edilə bilər. İstənilən halda "son söz" ifadəsi bəzən insanların həyatının mürəkkəbləşməsinə gətirir. Hər kəs çalışır ki, son söz onun olsun. Bu hikkə və ya prinsip anlamı və münasibətləri formalaşdırır, odur ki, normal ailədə son söz yox, birgə fikir münasibətlərinin qurulması çox yaxşı hal ola bilərdi. Ancaq qadınlar “Evdə son sözü kişi söyləməlidir” deyə düşünürlərsə, onda mübahisə edib niyə son sözə nail olmaq istəyirlər, elə kişi dediyi kimi də davransınlar. Məsələləri qəlizləşdirib sonra kişiyə son söz imkanını yaratmaq nə qədər zövq verir xanımlara? O halda kişi bütün məsələlərdə özü qərar qəbul etsin və özü danışsın, qadın isə mübahisə etməsin və onun dediklərini olduğu kimi də qəbul etsin, məncə, bu daha doğru olar”.

M.Zeynalovanın fikrincə, bunu tam olaraq qadınların öz hüquqlarını bilməməsi kimi də düşünmək düzgün deyil: “Məsələn, ola bilər ki, şəxs bundan, əksinə, xoşhal olur. Yəni bu cür davranış psixoloji bir haldır, tərbiyədir. Burada şəxs öz hüquqlarını bilsə də bu vəziyyətdən razıdır. İkinci bir hal isə - şəxs hüquqlarını bilir, lakin onun realizəsi üçün kifayət qədər resursu yoxdur və bu vəziyyətdən qurtula bilmir. O, tabe olmaq məcburiyyətindədir. Üçüncü halda isə şəxs həm hüquqlarını bilmir, həm də düşünür ki, bu belə də olmalıdır. Dördüncü hal isə qarşılıqlı hörmət prinsipidir. Qadının yaratdığı şəraitə görə kişiyə elə gəlir ki, son söz onundur və nəhayət, hər iki tərəf birgə qərar qəbul edə bilir. Bunun üçün mübahisə və ya prinsip lazım deyil. Sadəcə insanlar problemlərini birgə müzakirə edib ən yaxşı qərarı qəbul edirlər, kişi və qadının qərarı olmasından asılı olmayaraq, təbii ki, belə ailələr bizdə azdır”.

O da vurğulandı ki, son zamanlar bizdə qadınların evdə hökmranlıq etməyə başlaması və bunu da Avropadan öyrənməsi ilə bağlı fikirlər də səslənir:

“Təbii ki, bu hal da var. Bəzi hallarda hüququnu bilən tərəf özünü hakimi-mütləq sayır. Əslində, bunu daha çox iqtisadi güclü olan tərəf tətbiq edir. Yəni ola bilər ki, qadın kişidən iqtisadi cəhətdən güclüdür. Təsir - əks-təsir nəzəriyyəsinin tətbiqi həyata keçirilir. Yaxud ola bilər ki, qadının qohumları kişinin qohumlarından daha güclüdür, belə hallarda, təbii ki, tarazlıq pozulur. Mən bunu tarazlığın pozulması kimi qiymətləndirirəm, yəni kişi və ya qadın bu cür hakimlik iddiasında olursa, məncə, ailədə hökmdar və hakim olmamalıdır. Bu, müxtəlif formada anlaşıla bilər. Ola bilər ki, həqiqətən də qadın daha praktik olduğu üçün bu son sözə nail olmaq istəyir. Lakin biz bəzən praktik istəkdən çox, emosiyalarımızla ailəni idarə etdiyimizdən, düşünürəm ki, son söz istəyi daha çox emosional bir prinsip halıdır”.

Kimin söz sahibi olduğunu anlamaq üçün ilk öncə həmin cəmiyyətə baxmalıyıq

Sosioloq Gülnar Nəzərova Milli.Az-a bildirdi ki, ailə daxilində münasibətlər, ailədə qərar qəbul etməkdə tərəflərin hüquqları həm cəmiyyətin quruluşu, həm də ailədəki normalarla bağlıdır: “Bu baxımdan patriarxat quruluşlu cəmiyyətdə mövcud olan ailə dəyərləri kişinin hegemonluğu, ailə başçısı statusunu öz əlinə almaq istəyi ilə bağlıdır. Belə olan təqdirdə isə həmin cəmiyyətdə və eləcə də ailələrdə gender bərabərliyindən söhbət gedə bilməz. Bərabər hüquqların olmaması həm ailədə qadın və kişinin rollarında, həm də qərar qəbul etmək qabiliyyətində özünü göstərir.

Qadın başlıca olaraq ailədə məişət işlərini həyata keçirir, uşaqların tərbiyəsi ilə məşğul olur, kişi isə ailənin iqtisadi təminatçısı qismində çıxış edir. Kişilər iqtisadi potensialdan çox vaxt zorakılıq aləti kimi istifadə edirlər. Qadın ailədə ikinci dərəcəli olduğu üçün nəinki söz demək haqqı olur, hətta qadınların böyük əksəriyyəti ailədaxili zorakılığın bu və ya digər forması ilə qarşılaşır. Bəs necə olur ki, qadın bütün bunlara göz yumur, ona heç bir hüquq tanımayan ailədə yaşamağa davam edir? Əslində, səbəb çox sadədir. Qadın öz ailəsində gördüyü modelə uyğun davranır və mövcud dəyərlər, ictimai qınaq səbəbindən ailədəki istənilən problemə göz yumur. Belə ki, qadın əgər iqtisadi baxımdan ehtiyaclarını ödəyə bilmirsə, boşandıqdan sonra cəmiyyətdə ona qarşı neqativ rəy yaranacağını düşünürsə, övladları varsa, qadının valideynləri onun boşanmasına qarşı çıxırlarsa, qadın istəyindən asılı olmayaraq kişinin bütün dedikləri ilə razılaşmalı olacaq və bəzən də zorakılıqlara dözəcək. Konkret olaraq bir ailədə kimin söz sahibi olduğunu anlamaq üçün ilk öncə həmin cəmiyyətə, daha sonra həmin cəmiyyətdəki normaların ailədə nə kimi əhəmiyyət kəsb etməsinə baxmalıyıq”.

Nigar Abdullayeva
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR