Azərbaycan "Beynəlxalq Yaşıl Həftə - 2015" sərgisində iştirak edib

04:17 30 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 30 Yanvar 2015 03:50 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Yanvarın 16-dan 25-dək Aalmaniyanın paytaxtı Berlin şəhərində "Beynəlxalq Yaşıl Həftə - 2015" adlanan ənənəvi dünya miqyaslı kənd təsərrüfatı sərgisi və ticarət yarmarkası keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə "Beynəlxalq Yaşıl Həftə"də bu il sayca 8-ci dəfə iştirak edən ölkəmiz sərgidə layiqincə təmsil olunub. 200-dən artıq çeşiddə ərzaq sənayesi malları və kənd təsərrüfatı məhsullarının nümayiş olunduğu ölkə stendinin açılışında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, AZPROMO-nun prezidenti Rüfət Məmmədov, Səfirliyin və AZPROMO-nun əməkdaşları və sərgidə təmsil olunan Azərbaycan şirkətlərinin nümayəndələri iştirak ediblər. İlham Quliyev sərgidə iştirak edən AFR-in Kənd Təsərrüfatı naziri Kristian Şmitlə görüş keçirib.

 

Qeyd edək ki, bu il ölkəmizi "Beynəlxalq Yaşıl Həftə"də 20 şirkət təmsil edib. Ölkəmizin kənd təsərrüfatı və ərzaq sənayesi üzrə dünyanın aparıcı sərgilərindən olan  "Beynəlxalq Yaşıl Həftə"də iştirakı Azərbaycanın bu sahədə çalışan sahibkarlarının dünya şirkətləri ilə əlaqələrinin qurulmasında, onların məhsullarının dünya bazarına çıxarılmasında və tanıdılmasında əhəmiyyətli rol oynayır. Sayca 80-ci olan "Beynəlxalq Yaşıl Həftə - 2015" sərgisində dünyanın 68 ölkəsindən 1658 iştirakçı ərzaq və qida sənayesi, kənd təsərrüfatı və maldarlıq, eləcə də bağçılıq məhsulları nümayiş etdirilib. 68 ölkənin 4840 mətbuat təmsilçisinin işıqlandırdığı və 415 min adamın ziyarət etdiyi "Beynəlxalq Yaşıl Həftə - 2015" tədbiri Respublikamızın qeyri-neft sektorunun və ümumiyyətlə ölkənin tanıdılması nöqteyi-nəzərdən faydalı olub.

1926-cı ildə təsis edilmiş "Beynəlxalq Yaşıl Həftə" sərgisi hər ilin yanvar ayında Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə təşkil olunur. "Beynəlxalq Yaşıl Həftə" sərgisi həmçinin kənd təsərrüfatı və ərzaq təminatı siyasəti məsələlərinə dair siyasətçilər və iş adamlarının müzakirə platforması funksiyasını yerinə yetirir. Sərgi çərçivəsində ənənəvi olaraq keçirilən Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda bu il dünyanın 70 ölkəsinin kənd təsərrüfatı naziri, eləcə də Avropa İttifaqının kənd təsərrüfatı komissarı Fil Hoqan iştirak edib. Almaniya Federativ Respublikasının kansleri Angela Merkel rəsmi nümayəndə heyətlərini salamlayıb.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR