​Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşüb

​Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə görüşüb
08:52 29 Sentyabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Georgi Kvirikaşvilli ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu qeyd ediblər.
İki ölkə arasında olan qarşılıqlı faydalı əməkdaşlığın bütün region üçün nümunə olduğu bildirilib.
Tərəflər birgə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinin regional əməkdaşlığa, inkişaf və firavanlığa xidmət etdiyini qeyd edərək, bu layihələrin regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini vurğulayıblar.
Nazirlər tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin yük daşımalarının artmasına, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların inkişafına xidmət edəcəyinə əminliklərini ifadə ediblər.
Gürcüstanlı həmkarını Azərbaycana səfərə dəvət edən nazir Elmar Məmmədyarov belə səfərlərin ölkələrimiz arasında əlaqələrin gələcək istiqamətlərinin və birgə əməkdaşlıq gündəliyinin müəyyən edilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib.
Gürcüstanlı nazir dəvəti məmnuniyyətlə qəbul edib və Azərbaycan üçün əhəmiyyətli bütün məsələlərdə Gürcüstanın daim dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulması, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistanın təxribatçı əməlləri, münaqişənin həlli üzrə danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi haqqında məlumat verərək, bu münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/elmar-memmedyarov-gurcustanli-hemkari-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR