“Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” kursunun təlimçiləri maarifləndirilir

“Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” kursunun təlimçiləri maarifləndirilir
08:53 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin regionlarda fəaliyyət göstərən xidmət sahələrinə “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə elan etdiyi müsabiqənin test mərhələsindən müvəffəqiyyətlə keçəcək namizədlər üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, tədris və sertifikatlaşdırma idarəsi tərəfindən xüsusi təlimlər təşkil olunacaq. Artıq həmin təlimləri aparacaq mütəxəssislərin maarifləndirilməsinə başlanılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə sentyabrın 28-dən Təlim, tədris və sertifikatlaşdırma idarəsində maarifləndirici seminar-kurslar təşkil olunub. Seminarlara dəvət olunan mütəxəssislər qarşısında çıxış edən idarənin rəisi Fuad Süleymanov bildirib ki, sentyabrın 30-dək kurslara 74 mütəxəssis cəlb ediləcək. Onlar müvafiq surətdə maarifləndirildikdən sonra imtahan verəcək, imtahanda uğur qazananlar 7 region üzrə kurslara təlimçi kimi göndəriləcəklər. Seminar müddətində mütəxəssislərə dərslərin keçirilmə metodikası, tədris vəsaitlərinin hazırlanması, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, peşə etikası, qaz təsərrüfatının nəzəri əsasları və yeni standartların tətbiqi, təhlükəsizlik texnikası qaydaları və digər mövzular tədris olunacaq.
Xəbər verildiyi kimi, SOCAR tərəfindən həyata keçirilən işlərin nəticəsi olaraq son illər ölkədə qazlaşdırmanın səviyyəsi yüksəlib, bu məqsədlə genişmiqyaslı tikinti-quraşdırma tədbirləri həyata keçirilib. Regionlarda qaz abonentlərinin sayı iki dəfə yarımdan çox artıb. Lakin istismar üzrə işçilərin sayı əvvəlki səviyyədə qalıb. Yeni kəmərlərin, avadanlıqların istismarı, yararsız boru xətlərinin əvəzlənməsi, fərdi həyətlərdən keçən qaz xətlərinin, quraşdırılmış sayğacların küçəyə çıxarılması, köhnə sayğacların dəyişdirilməsi və digər işlərin həyata keçirilməsi üzrə əlavə iş həcmlərinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyində min nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb. Bununla əlaqədar SOCAR tərəfindən Birliyin regionlarda fəaliyyət göstərən xidmət sahələrinə “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə təlim keçməklə işə qəbul müsabiqəsinə başlanılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaz_avadanliqlarinin_istismari_ve_temiri_uzre_chilinger_kursunun_telimchileri_maariflendirilir-888043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR