Daşkəsəndəki film kimi qətlin TƏFƏRRÜATI

Daşkəsəndəki film kimi qətlin TƏFƏRRÜATI
09:37 29 Sentyabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğul Əsgərov döyüldükdən bir gün sonra atası niyə bıçaqlanaraq öldürülüb?

Daşkəsəndə bir gün fərqlə Ramayıl Əsgərovun döyülərək qanına qəltan edilməsinin, ardınca isə atası Rəfayel Əsgərov qətlə yetirilməsinin təfərrüatları haqda məlumat almışıq. Adının çəkilməsini istəməyən rayon sakinlərindən biri deyib ki, Əsgərovlar Daşkəsən rayonu, İsmət Qayıbov küçəsi 45, mənzil 37 ünvanında yaşayırlar. 

Hadisə baş verən gün Ramayıl Əsgərov rayondakı avtovağzalda yerləşən dostunun çayxanasına gedib. Çayxanadan onu Tariyel adlı şəxs çölə çağırıb. Çöldə isə daha 2 şəxsin olduğunu görən R.Əsgərov geri qayıtmağa cəhd edib. Amma onun qolundan yapışan Tariyel və tanışları zorla sarımtıl rəngli "VAZ-21015"  markalı avtomobilə oturdublar. Maşın sürətlə çayxanadan Rudnik qəsəbəsinə tərəf hərəkət etməyə başlayıb. Həmin vaxt maşında R.Əsgərova yumruq zərbələri endirməklə döyüblər. Qəsəbənin ərazisində maşın hərəkətdə olarkən R.Əsgərov qapını açaraq özünü yerə atıb. Onu aparanlar öldüyünü düşünüb orada qoyub qaçıblar. Bir qədər sonra özünə gələn R.Əsgərov bacısının həyat yoldaşı Firudinə  zəng edərək başına gələnləri danışıb. R.Əsgərovun kürəkəni onun atası Rəfayel Əsgərovla birgə həmin yerə gediblər. Qan içində olan R.Əsgərovu Daşkəsən Rayon Xəstəxanasına aparıblar. Orada Rəmayıl Əsgərov yaxınlarına bildirib ki, onu çayxanadan aparanlardan biri 2 il əvvəl mübahisəsi olmuş Tariyel, digəri isə cinayət aləmində  "keçəl Bəxtiyar" kimi tanınan Bəxtiyar Məmmədov olub. R.Əsgərov üçüncü şəxsi  üzdən tanıdığını və adını bilmədiyini deyib. Sonradan həmin şəxsin 27 yaşlı Elmir Məmmədov olduğu məlum olub. 

Daşkəsən Rayon Xəstəxanasında R.Əsgərovu müayinə edən həkimlər deyiblər ki, döyülmə nəticəsində aldığı xəsarətlər ağır olduğundan təcili Gəncə xəstəxanasına aparılmalıdır. Gəncə xəstəxanasına aparılan R.Əsgərov orada komaya düşüb. 

Qaynağımız deyib ki, R.Əsgərovu vəhşicəsinə döyülməsində iştirak edən şəxslərin kimliyi bilinsə də, Daşkəsənin hüquq-mühafizə orqanları hərəkətsizlik edib, ona qarşı qanlı cinayətdə iştirak edənləri saxlamağa elə də həvəs göstərməyiblər. Bu isə daha ağır cinayətə - Rəmayıl Əsgərovun atası Rəfayel Əsgərovun qətlinə yol açıb. Belə ki, olaydan bir gün sonra R.Əsgərovun atası Rəfayel Əsgərov Daşkəsən bazarında işlədiyi dükanı bağlayıb evə gedərkən çayxananın yaxınlığında oğlunu döyənlərdən biri olan Tariyelin atası Həmid Məmmədovla qarşılaşıb. Tərəflər arasında sözlə başlayan mübahisə əlbəyaxa davaya çevrilib. Ətrafdakıların müdaxiləsindən sonra tərəfləri aralayıblar. Lakin Həmid Məmmədov sakitləşməyərək Rəfayel Əsgərovun oğlunu döyən şəxslərdən olan Bəxtiyara zəng edib. Bəxtiyar 2-3 dəqiqə sonra əraziyə gəlib. Onun yanında Elmir Məmmədov da olub.  Əllərində bıçaq olan hər 2 şəxs Rəfayel Əsgərova çoxsaylı bıçaq xəsarətləri yetirərək hadisə yerindən uzaqlaşıblar. 

Qaynağımız deyib ki, ərazidə çoxsaylı taksi sürücüləri və  hüquq-mühafizə orqanlarının 2 əməkdaşı olsa da, R.Əsgərovun bıçaqlanmasının qarşısını alan olmayıb. Bıçaqlanan R.Əsgərov hadisə yerindən uzağa gedə bilməyib. O, bir qədər irəlilədikdən sonra üzü üstə yerə yıxılıb. Məsələdən xəbər tutan R.Əsgərovun qohumları əraziyə gələrək qan içində olan yaxınlarını xəstəxanaya aparıblar. 

Qaynağımız deyir ki, həmin vaxt xəstəxanaya dostunun "VAZ-2107" markalı maşınında "keçəl Bəxtiyar" gəlib və R.Əsgərovun yaxınlarını, qadınları nalayiq sözlərlə təhqir edərək təpik və yumruqla vurub. Xəstəxanada olan 3 polis əməkdaşı isə ona mane olmayıb. Az sonra əraziyə bir neçə maşınla gələn polis əməkdaşları onu rayon polis şöbəsinə apara biliblər. Xəstəxanaya aparılana qədər sağ olan R.Əsgərov orada kəskin qan itirmədən ölüb. 

Qaynağımız bildirir ki, Əsgərovlara qarşı baş verən cinayətlərə qədər də rayon polis şöbəsinin rəisi Elsəvər Aslanov və rayon prokuroru Elman Süleymanov "keçəl Bəxtiyar"ın qanunsuzluqlarına göz yumublar. B.Məmmədovun bundan öncəki qanunsuz hərəkətlərinin rayon hüquq-mühafizə orqanları rəhbərlərinin "görməməsi" sonda ata ilə oğlunun bir gün fərqlə qanlarına qəltan edilməsi ilə sonuclanıb.

Hazırda faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda CM-in bir neçə maddəsi ilə cinayət işi başlanılıb. 32 yaşlı Bəxtiyar Məmmədov və 27 yaşlı Elmir Məmmədov istintaqa cəlb olunublar. T.Məmmədovun barəsində hansı addımların atıldığı bilinmir. 

musavat.com


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/372003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR