Bakı-Tbilisi-Qars üçün nəzərdə tutulmuş yataq tipli sərnişin vaqonlarının istehsalına start verilib

Bakı-Tbilisi-Qars üçün nəzərdə tutulmuş yataq tipli sərnişin vaqonlarının istehsalına start verilib
10:37 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 11:34 ]

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Stadler Rail Group" şirkətinin İsveçrənin Altenrayn şəhərində yerləşən zavodunda “Azərbaycan Dəmir Yolları” sifarişi ilə və gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Stadler Rail Group" şirkətinin prezidenti Peter Şpuler, Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Əkrəm Zeynallı və hər iki tərəfin nümayəndə heyəti iştirak ediblər.

 

Gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaq.

 

Müasir texnoloji üstünlüklərlə təchiz olunan vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaq ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcək. Müqaviləyə əsasən, 2016-cı ilin iyul-avqust aylarında ilk on vaqonun istismara buraxılması nəzərdə tutulub.

 

Səfər zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov həmçinin "Stadler Rail Group" şirkətinin Bussnanq regionunda yerləşən ən böyük zavoduna baxış keçirib. Tədbirdə şirkət haqqında ümumi məlumat verilib, 1942-ci ildə təsis olunması, 1997-ci ildə holdinqə çevrildiyi vurğulanıb. Qeyd edək ki, 6100 əməkdaşın çalışdığı holdinq səkkiz ölkədə istehsal və xidmət müəssisələrinə malikdir. Metro, tramvay, çarxlı və relsli dəmiryolu üçün müxtəlif ölçülü və təyinatlı qatar və vaqonlar istehsal edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR