Danimarka hökumətinin başçısı dünya ölkələrini terrorizm təhlükəsinə qarşı birgə mübarizə aparmağa çağırır

Danimarka hökumətinin başçısı dünya ölkələrini terrorizm təhlükəsinə qarşı birgə mübarizə aparmağa çağırır
11:53 29 Sentyabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+


Kopenhagen, 29 sentyabr, AZƏRTAC
Sülhün və təhlükəsizliyin, o cümlədən terrorizmə qarşı birgə mübarizə yolu ilə təmin edilməsi problemləri yaxın illərdə BMT-nin prioritetlərindən biri olmalıdır.
Danimarkanın baş naziri Lars Lökke Fransmussen BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində ümumi siyasi diskussiyalarda çıxışında bu məqamları vurğulayıb.
Danimarkanın Baş naziri beynəlxalq siyasətin gələcəyi barədə öz fikirlərini bölüşərək deyib: “Mən yaxın illərdə BMT üçün bir neçə mühüm prioritet görürəm. Onlardan birincisi sülh və təhlükəsizlikdir. Biz təkcə Suriyada və İraqda yox, həm də silahlı münaqişələrin və zorakılığın genişləndiyi Afrika regionlarında ekstremizm və terrorizm təhdidlərinə birlikdə güclü cavab verməliyik”.
Fransmussen öz nitqində sülhün təmin edilməsində BMT Təhlükəsizlik Şurasının rolu məsələsi üzərində də dayanıb. Onun sözlərinə görə, BMT-nin sülhyaratma qüvvələri bu problemi təkbaşına həll edə bilməz. Danimarkanın baş naziri vurğulayıb: “Bizə beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin edilməsinə dair zəruri qərarlar qəbul etməyə hazır olan Təhlükəsizlik Şurası, qarşıya çıxan münaqişələrə vaxtında cavab verməyi və dünya nizamını onun indiki formasında əks etdirməyi bacaran Təhlükəsizlik Şurası lazımdır”.
Lars Lökke Fransmussen onu da qeyd edib ki, Danimarka öz tərəfindən bu təşkilatın sülhyaratma missiyalarında daha fəal iştirak etmək, o cümlədən Mali ərazisində BMT-nin apardığı əməliyyata öz töhfəsini artırmaq niyyətindədir. Hazırda həmin əməliyyatın iştirakçıları arasında cəmi 20 nəfər danimarkalı var.
İndi Avropanın üzləşdiyi miqrasiya problemini geniş miqyaslı təhdid adlandıran Fransmussen qeyd edib ki, bu təhdidin öhdəsindən gəlmək üçün əvvəlcə problemin səbəblərini aradan qaldırmaq lazımdır. Baş nazir Danimarkanın Yaxın Şərq ölkələrindən olan qaçqınlara kömək göstərilməsi üçün 100 milyon avro vəsait ayırmaq niyyətində olduğunu bildirib və dünya ölkələrini münaqişələrin nəticələrini və iqtisadi qeyri-bərabərliyi aradan qaldırmaq üçün birgə mübarizə aparmağa çağırıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Kopenhagen

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Danimarka_hokumetinin_baschisi_dunya_olkelerini_terrorizm_tehlukesine_qarsi_birge_mubarize_aparmaga_chagirir-888083

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR