DSMF Samuxda regional vətəndaş forumu keçirib

DSMF Samuxda regional vətəndaş forumu keçirib
13:32 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 13:30 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Samuxda “Fərdi uçot sistemində fəal iştirakınız etibarlı pensiya təminatınızdır” adlı regional tədbiri keçirilib.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, “Açıq qapı günü” - vətəndaş forumunda Samux, Göygöl, Kəlbəcər və Daşkəsən rayonlarının sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib.

 

Forumu giriş sözü ilə açan fondun şöbə müdiri Famil Qədimov bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilən və fərdi uçotu aparılan sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sisteminin formalaşdırıldığını diqqətə çatdırıb.

 

Bildirilib ki, hazırda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əmək haqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir.

 

DSMF-nin əməkdaşı Azəri Məmmədov qeyd edib ki, “Elektron hökumət” portalının statistikasına əsasən fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. Bu ilin 8 ayı ərzində fondun əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln 800 mindən çox istifadə sayı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü il müqayisədə 2 dəfə artıqdır.

 

Təqdimatla çıxış edən DSMF-nin əməkdaşı Nahid Qasımov DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunanın özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malik olduğunu diqqətə çatdırıb. Belə ki, istənilən sığortaolunan həm DSMF-nin saytı (www.sspf.gov.az), həm də “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.

 

Tədbirdə o da qeyd olunub ki, 2015-ci il sentyabr ayının 1-nə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,06% artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 126 905 nəfərə yüksəlib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR