Qızqalada aparılan tədqiqatlar Azərbaycan tarix elminə dəyərli töhfələr verib

14:23 29 Sentyabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 29 sentyabr, AZƏRTAC
Bu gün Naxçıvan Muxtar Respublikası ərazisində aparılan tədqiqatlar, əldə olunan elmi nəticələr, mühüm elmi nəşrlərin hazırlanması Naxçıvanın qədim tarixinin öyrənilməsi sahəsində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinin göstəricisidir. Həyata keçirilən tədbirlər sırasında Naxçıvanda Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının birgə fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. 2006-cı ildən muxtar respublikada müxtəlif ərazilərdə arxeoloji qazıntılar aparan ekspedisiya tərəfindən Naxçıvanın Tunc və Dəmir dövrlərinə aid abidələri araşdırılıb, II Kültəpə və Maxta Kültəpəsində arxeoloji qazıntılar aparılıb. ABŞ arxeoloqları AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən, Naxçıvanda, xüsusilə Arpaçay vadisində olan tarix və mədəniyyət abidələrinin qeydə alınması və pasportlaşdırılması prosesində də iştirak ediblər. Azərbaycan və ABŞ tədqiqatçıları əsasən Şərur, Sədərək və Kəngərli rayonlarının ərazisində tədqiqatlar aparırlar.
Tədqiqatların əsas məqsədi mövcud olan abidələrin xəritələşdirilməsi və elmə məlum olmayan yeni abidələrin qeydə alınmasıdır. Tədqiqatların nəticələri Naxçıvanın vadilərində və dağlıq ərazilərində yerləşən abidələr arasındakı əlaqələri, həmçinin Cənubi Qafqaz və Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələri müəyyənləşdirməyə imkan verir.
Azərbaycan-ABŞ arxeoloqlarının Qızqala yaşayış yerində tədqiqat işləri ilə tanış olmaq üçün arxeoloji qazıntıların aparıldığı ərazidə olduq. Qeyd edək ki, bu yaşayış yeri elə Azərbaycan-ABŞ arxeoloqlarının apardıqları tədqiqatlar zamanı aşkar olunub. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirdi ki, burada 13 hektar sahəni əhatə edən Orta Tunc dövrü yaşayış yeri aşkar edilib. Builki araşdırmalar 300 kvadratmetrdən artıq bir ərazidə və Orta Tunc dövrünə aid kurqanlarda aparılmaqdadır.
“Ekspedisiyanın tədqiq etdiyi abidənin Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün böyük əhəmiyyəti vardır”, – deyən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev əlavə edib ki, Azərbaycan, Gürcüstan, İran və Şərqi Anadoluda yayılmış Orta Tunc dövrünün boyalı qablar mədəniyyətinə aid əsas yaşayış yerləri Naxçıvan ərazisindədir. Son illər Qızqala yaşayış yeri ətrafında aparılan araşdırmalar zamanı boyalı qablar mədəniyyətinin Naxçıvanla bağlı olmasına aid xeyli yeni faktlar aşkarlanıb. Belə faktlardan biri də Qızqala yaşayış yerində zəngin mədəni təbəqənin olması və bu mədəni təbəqədən monoxrom və polixrom boyalı qabların aşkar edilməsidir. Builki tədqiqatlar zamanı həndəsi ornament və heyvan rəsmləri ilə bəzədilmiş boyalı qabların aşkar olunması Naxçıvanın boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu, Cənubi Qafqaza boyalı qabların məhz Naxçıvandan yayıldığını təsdiq edir.
Qeyd edək ki, bu il Qızqalada arxeoloji qazıntılara iyunun 19-dan start verilib. İndiyə qədər aşkar olunan maddi-mədəniyyət nümunələrinin ilkin tədqiqi Qızqala yaşayış yerində məskunlaşan qədim tayfaların oturaq və yarımköçəri həyat tərzini mənimsədiyini təsdiq edir. Yaşayış yerində Orta Tunc dövrü təbəqəsinin orta əsr təbəqəsi altında qalması araşdırma üçün müəyyən çətinlik törətsə də, artıq böyük bir sahədə Orta Tunc dövrü təbəqəsi və həmin dövrə aid yaşayış məskənlərinin qalıqları aşkara çıxarılıb. Tədqiqatların nəticələri burada məskunlaşan insanların Arpaçay vadisi boyunca yüksək dağlıq ərazilərə köç etdiyini və geri qayıtdığını təsdiq edir. Araşdırmaların davam etdirilməsi nəticəsində bu dövrdə Arpaçay vadisində yaşayan insanların həyat tərzi və mədəni əlaqələri, həmçinin boyalı qablar mədəniyyətinin mənşəyi və mədəni mənsubiyyəti ilə bağlı xeyli yeni faktların aşkar olunacağı gözlənilir.
ABŞ-ın Emori Universitetinin professoru Hillari Qopnik bildirib ki, indiyədək boyalı qablar mədəniyyətinə məxsus insanların harada yaşaması ilə bağlı aydın təsəvvür yox idi. Bəzən isə sovet dövründə aparılan tədqiqatlara şübhə ilə yanaşırdılar. Lakin bizim iştirakımızla boyalı qablar mədəniyyətinə aid yeni abidələrin aşkar olunması, xüsusilə Qızqala yaşayış yerində qalın mədəni təbəqənin üzə çıxarılması çox sevindiricidir. Artıq boyalı qablar mədəniyyətini yaradan tayfaların məhz bu ərazidə yaşadığı təsdiq edildi və biz bu barədə beynəlxalq konfranslarda məruzələr edəcəyik.
Göründüyü kimi, Qızqalada aparılan tədqiqat işlərində müasir tariximiz üçün qiymətli faktlar aşkarlanıb və bu, son deyil. Aşkarlanan və bundan sonra aşkarlanacaq yeni məlumatlar Azərbaycan tarix elminə dəyərli töhfələr verib və verəcək. Əldə edilən ilkin məlumatlar Naxçıvanın qədim və əzəli Azərbaycan torpağı olduğunu bir daha sübuta yetirib. Bu isə düşmən Ermənistanın Naxçıvana qarşı haqsız ərazi iddialarına ən tutarlı cavabdır.
AZƏRTAC–ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qizqalada_aparilan_tedqiqatlar_Azerbaycan_tarix_elmine_deyerli_tohfeler_verib-888141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR