Biləsuvar sakini icradan şikayət edir: "Kəndə su vermir, məni döyüb"

Biləsuvar sakini icradan şikayət edir: "Kəndə su vermir, məni döyüb"
14:54 29 Sentyabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Biləsuvarda torpaq mülkiyyətçisi məmur özbaşınalığı ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

 

Lent.az-a daxil olan şikayət məktubunda bildirilir ki,  Biləsuvar rayon Ovçubərə kənd sakini İsmayılov Hatəm Xanhüseyn öz torpaqları, əkin sahələrini bəzi xırda məmurların ucbatından  suvara bilmir. Şikayətçinin dediyinə görə, o, dövlət tərəfindən verilən pay torpağında yonca əkib. “Əkin sahəmi mart ayında cəmi bir dəfə suvarmışam. Dəfələrlə Su idarəsinə müraciət etsəm də, əkin sahəmə  su vermədilər. Bir neçə ay dözdüm. Artıq məhsulum yanıb gedirdi. Hətta bu məsələ ilə əlaqədar aidiyyatı orqanlara da bildirmişəm”.

 

Torpaq mülkiyyətçisinin sözlərinə görə,  kəndin keçmiş icra nümayəndəsi kəndə gələn suları bağlayıb. “Əkin sahəsinə gedən su kanalını kəndimizin işdə buraxdığı nöqsanlara və korrupsiya faktlarına görə işdən azad edilmiş icra nümayəndəsi Ağaddin Mikayılov bağlayıb. Suyu tamamilə bağlayıb, öz əkin sahələrinə yönəldib, öz qohum-əqrəbası ilə bölüşdürüb. Mən Ağaddin Mikayılovdan xahiş etdim ki, bu sudan mənə də versin. Mən də əkin sahəmi suvarım.  O isə məni təhqir etməyə başladı. Özünün və qohumlarının əkin sahəsini suvarıb qurtarmayınca, heç kimə su verməyəcəyini dedi. Mən ona dedim ki, mənə səlahiyyətli nümayəndə olan Famil müəllim su verib. Ağaddin Mikayılov məni və Famil müəlimi əxlaqsız sözlərlə təhqir etdi.. O, bildirdi ki, heç kim ona heç nə edə bilməz”.

 

Şikayətçi qeyd edib ki, həmin hadisə zamanı keçmiş icra nümayəndəsi onu fiziki zoraklıq göstərib.  “Ağaddin Mikayılov üstümə cumaraq yaxamdan tutub kəllə ilə sifətimə xəsarət yetirdi. Zərbənin təsirindən qabaq dişimin biri  sındı və biri də zədələnib laxladı. Mən özümü itirdim. Onun bu  hərəkəti mənim üçün gözlənilməz oldu. Çünki mən onunla mədəni insan kimi söhbət etmək istəyirdim. Faktla bağlı Biləsuvar rayon polis şöbəsinə gedərək şikayətimi bildirdim. Növbətçi polis məndən izahat alandan sonra dedi ki, xəstəxanada iş vaxtı deyil, tibbi ekspert həkimin evinə gedərək ondan xəsarətin haqqında sənəd almaq lazımdır. Mən səhərisi gün  həkimin yanına getdim. Polisin mənə verdiyi sənədi Əli adlı həkimə verdim. Aldığım xəsarət haqqında polisə sənəd verəcəyini bildirdim. O, mənim  xəsarətimə baxıb, müayinə edib həmin sənədi yazaraq polisə təqdim edəcəyini bildirdi”.

 

Kənd sakini bütün güc sturkturlarına hadisə ilə bağlı məlumat verdiyini bildirib. “Respublika baş prokurorluğuna da məlumat verdim. Mənim şikayətim dinlənilərək qeydə alındı. Şikayətimə baxılması üçün Biləsuvar prokurorluğuna da göstəriş verəcəklərini də dedilər. 102- xidmətinə də zəng edib şikayətimi demişəm. Çox təəssüflər olsun ki , mənim şikayətimə baxılmır,  bu günə kimi heç bir əməli tədbir görülməyib. Mənim hüquqlarım tapdanıb, xəsarət almışam". 

 

Şikayət bağlı Biləsuvar Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən Lent.az-a bildirdilər ki, faktla bağlı müraciət olunub. Şikayət əsasında istintaq və araşdırmalar aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR