Azərbaycanda kişilər yenidən müəllim olmaq istəyir

Azərbaycanda kişilər yenidən müəllim olmaq istəyir
15:58 29 Sentyabr 2015
66 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda müəllimlik peşəsindən ayrılmış kişi müəllimlərin yenidən bu peşəyə qayıtmaq üçün Təhsil Nazirliyinə edilən müraciətlərin sayı son iki ildə artıb.

Bunu Trend-ə Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

İki il bundan əvvəl Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının qəbul olunmasının müəllimlik peşəsinə olan marağın artmasına təsir göstərdiyini deyən nazir müavininin sözlərinə görə, uzun illərin problemlərindən biri kişilər tərəfindən müəllim ixtisasına maraq göstərmə səviyyəsinin kifayət qədər az olması olub: “Son 15-20 ilin tendensiyası belədir. Hazırda məktəblərdə dərs deyən müəllimlərin təqribən 80 faizi qadınlardır. Bakıda bu rəqəm təqribən 90 faizdir. Bunun nə qədər böyük problem yaratdığını başa düşürük. Ancaq Təhsil Nazirliyinə edilən müraciətlərə baxdıqda artıq iki il əvvəl görmədiyimiz vəziyyətlə qarşılaşırıq. Kişi müəllimlər tərəfindən nazirliyə daxil olan müraciətlər getdikcə artmaqdadır. Müraciətlərin məzmunu da belədir: mən müəllimlik ixtisasını bitirmişəm, 10-15 il əvvəl bu sahədən ayrılmışam. Yenidən peşəmə qayıtmaq üçün nə etməliyəm? Təbii ki, bu tendensiya bizi çox sevindirir”.

Azərbaycanda müəllimlik peşəsinin nüfuzunun qaldırılması üçün bir sıra tədbirlər həyata keçirdiklərini deyən C.Bayramov bildirib ki, müəllimlik peşəsinə üz tutan insanların sayının artması, daha yüksək nəticələr göstərən məktəb məzunlarının müəllimliyə üz tutması bu peşəyə marağın artdığını göstərir: “İki ildir Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi” layihəsi həyata keçirilir. Yüksək nəticə göstərmiş və ixtisas seçimində 1 və 2-ci ixtisas kimi müəllimliyi seçən ən yüksək nəticələr göstərmiş 300 tələbəyə hər ay 100 manat olmaqla, “Gələcəyin müəllimi” təqaüdü verilir”.

C.Bayramov deyib ki, ölkə başçısının təsdiqlədiyi sərəncama uyğun olaraq, 2015-ci ilin yanvarında Bakıda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü norması 1,5 dəfə, əmək haqqı 2 dəfə artırılıb. Artıq bu gün Bakıda müəllimlərin orta aylıq əmək haqqı 421 manat manat olmaqla, ölkə üzrə orta aylıq əmək haqqından 6 faiz geri qalır. Bir il bundan əvvəl isə müəllimlərin orta aylıq əmək haqqı 298 manat olmaqla, ölkə üzrə orta aylıq əmək haqqından 33 faiz az idi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2438004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR