Səudiyyə Ərəbistanı: Zəvvarların meyitlərinin ölkələrinə aparılmasına qadağa yoxdur

Səudiyyə Ərəbistanı: Zəvvarların meyitlərinin ölkələrinə aparılmasına qadağa yoxdur
16:44 29 Sentyabr 2015
16 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi Məkkədə dünyasını dəyişən azərbaycanlı zəvvarların meyitlərinin öz vətənlərinə gətirilməsinə qadağa qoyulması barədə xəbərlərə münasibət bildirib.

 

Krallığın Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym APA-ya istənilən ölkədən, o cümlədən də Azərbaycandan olan və ziyarət zamanı Məkkədə dünyasını dəyişən azərbaycanlı zəvvarların nəşinin vətənlərinə gətirilməsi üçün ölkəsi tərəfindən heç bir məhdudiyyət qoyulmadığını bildirib.

 

“Hazırkı ziyarət zamanı vəfat edən azərbaycanlı zəvvarların da Səudiyyə Ərəbistanından çıxarılmasına heç bir qadağa qoyulmayıb. Dünyasını dəyişən zəvvar onun səfərini təşkil edən aidiyyəti qurum tərəfindən Vətəninə aparılıb dəfn edilə bilər. Bizim qanunlar buna heç vaxt mane olmayıb və olmur. İstədikləri vaxt müraciət edib həmin zəvvarların meyitlərini Səduiyyə Ərəbistanından çıxara bilərlər”, - deyə səfir qeyd edib.

 

Məsələyə münasibət bildirən, Azərbaycandan Həcc ziyarətinin təşkilatçısı olanQafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov isə APA-ya bildirib ki, səfirin açıqlaması həqiqətə uyğun deyil: “Həcc ziyarəti zamanı orada dünyasını dəyişən əcnəbi zəvvarların meyitlərinin Səduiyyə Ərəbistanından çıxarılması əvvəldən qadağandır, həmin şəxslər Məkkədə dəfn olunmalıdırlar”.

 

Zəvvarların sığortasına toxunan M. Payızov onu da qeyd edib ki, bu sığortanın onların dünyasını dəyişməsi ilə əlaqəsi yoxdur.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, Həccdə dünyasını dəyişən azərbaycanlı zəvvarlar Məkkədə əcnəbi zəvvarlar üçün ayrılmış xüsusi qəbiristanlıqda dəfn olunurlar: “Onların dəfni ziyarəti həyata keçirən QMİ-nin hesabına hesabına aparılır, mərhumların ruhuna ehsan da verilir”.

 

QMİ-dən onu da deyiblər ki, dünyasını dəyişən zəvvarlar başdaşı qoyulmadan, Səudiyyə Ərəbistanındakı dini qaydalara uyğun dəfn edilirlər: “Sadəcə, dəfn olunan zəvvarların qəbirlərinin üzərində nömrələr həkk olunub, o nömrələr Azərbaycanda onların ailələrinə verilir".

 

QMİ-dən onu da əlavə ediblər ki, ziyarətdə olan zəvvarların Məkkədə dəfn olunması daha çox mənəvi məsələdir: “Adətən zəvvarlar yola çıxanda vəsiyyət edirlər ki, ziyarət zamanı dünyalarını dəyişsələr, orada dəfn olunsunlar, bununla cənnətin qapılarına daha yaxın olarlar. Ona görə də bu, dövlət qərarından çox, dini-mənəvi məsələ sayılır”.

 

APA-nın əldə etdiyi məlumata görə isə ziyarət zamanı dünyasını dəyişən zəvvarların Məkkədə dəfn olunması artıq ənənə halını alıb.

 

İnanca görə, Həcc zamanı dünyasını dəyişənlər müqəddəs torpaqda dəfn olunmalıdırlar.

 

Lakin inancla yanaşı, bu, digər məsələlərlə də izah edilir.

 

Belə ki, dünyasını dəyişənlərin cənazələrinin ölkələrinə göndərilməsinə üstünlük verilməməsi Səudiyyə Ərəbistanındakı sərt bürokratik əngəllər, habelə meyitin göndərilməsinin çox baha başa gəlməsi ilə də əlaqələndirilir.

 

Bundan başqa, havanın çox isti olması da meyitin tez bir zamanda torpağa tapşırılmasını zəruru edən faktor sayılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR