""Formula 1" gündəmində olan bütün komandaları və ən məhşur idmançıları Bakıda görəcəyik"

""Formula 1" gündəmində olan bütün komandaları və ən məhşur idmançıları Bakıda görəcəyik"
18:37 29 Sentyabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ildə ilk dəfə Bakıda keçiriləcək "Formula 1" yarışına hazırlığın hansı vəziyyətdə olmasının maraqlı olduğunu nəzərə alaraq, "Baku Grand Prix" şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin Trend-ə eksklüziv müsahibəsini təqdim edirik.

- 2016-cı ildə Bakıda baş tutacaq "Formula 1" yarışları üçün xüsusi yol tikintisinə ehtiyac varmı və tikiləcəkmi?

- Bildiyimiz kimi, son illər ərzində Azərbaycan artıq çoxlu sayda beynəlxalq tədbirə ev sahibliyi edib. "Eurovision" mahnı müsabiqəsi, dünya və Avropa çempionatları, "Bakı 2015" Avropa Oyunları və s. kimi tədbirlərə hazırlıq zamanı şəhərimizdə lazımi infrastruktur hazırlıqları aparılıb, hava limanı, yollar, mehmanxanalar, idman obyektləri və s. tikililər hazır vəziyyətə gətirilib. Bir sözlə, şəhərimizin infrastrukturu yarışı izləmək üçün Bakıya təşrif buyuran "Formula 1" komandalarına və həvəskarlara ev sahibliyi etməyə əsasən hazırdır.

Sırf idman nöqteyi-nəzərdən yarışların baş tutacağı 6 km-lik Bakı Şəhər Halqası simvolik olaraq şəhərin mərkəzi küçələrində qurulacaq. Layihəyə əsasən 6 km-lik dairəvi trekə düşən mövcud yolların təmir olunması və yeni asfalt qatının salınacağı gözlənilir. Şübhəsiz ki, "Formula 1" standartlarına müvafiq olaraq yenilənmiş bu yüksək keyfiyyətli yollar yarışlardan sonra şəhər sakinlərinin istifadəsində olacaq. Üzərində daş örtüyü olan sahələrdə xüsusi örtük və onun üzərinə müvəqqəti asfalt qatı qoyulacaq ki, yarışdan sonra bu örtük çıxarılacaq. Marşrut boyunca 20 000-dən çox tamaşaçı tutumu olan müvəqqəti oturacaqlı və ayaqüstü tribunaların qurulması, həm azarkeşlər, həm də yarış avtomobillərinin təhlükəsiz hərəkətini təşkil etmək üçün xüsusi baryerlərin qurulması da layihənin bir hissəsidir.

- Bildiyimiz kimi, "Formula 1" dünyanın ən möhtəşəm yarışlarından hesab olunur. Yarış üçün Bakıda əlavə infrastruktur qurulacaqmı? Qurulacaqsa, xahiş edirik, açıqlayardınız, onlar nədən ibarət olacaq?

- Əyləncə məqsədləri üçün Dənizkənarı Bulvar ərazisində "Formula 1" şəhərciyi quraşdırılacaq. "Formula 1" şəhərciyi F1 azarkeşlərini Qran-Pri yarışlarını izlədikləri müddətdə mərkəzləşmiş əyləncə zonası ilə təmin edəcək. Bu zona səciyyəvi olaraq böyüklər və uşaqlar üçün F1 Oyun yerlərini, rəsmi alış-veriş nöqtələrini, qida və içkilərin satışı üçün ayrılmış məkanları, sponsorlar üçün ərazini və s. özündə birləşdirəcək.

- Yarışda ümumilikdə neçə ölkədən neçə idmançı iştirak edəcək?

- İndiki mərhələdə "Formula 1" yarışına qatılan bütün komandalar bir qayda olaraq 2016-cı il üçün pilot heyətini formalaşdırmaq mərhələsindədirlər və tanınmış idmançılarla yekun danışıqları aparırlar. Ümumiyyətlə deyə bilərik ki, əsasən, bu gün adları "Formula 1" gündəmində olan bütün komandaları və ən məhşur idmançıları Bakı Avropa Qran-Prisində görəcəyik.

- Yarışlar hansı ölkələrdə yayımlanacaq və yayımı hansı şirkət həyata keçirəcək? Bunun üçün hansı telekanallarla müqavilə imzalanıb?

- Yarışlar "Formula One Management" (FOM) təşkilatının rəsmi yayım tərəfdaşlarının vasitəçiliyi ilə 187 ölkədə və 5 qitədə yayımlanacaq. Azərbaycanda isə hazırda keçirilən F1 yarışlarının canlı yayımını "İdman Azərbaycan" telekanalı təmin edir.

- Yarışın biletlərinin qiyməti neçə manat nəzərdə tutulub?

- Yarış treki boyunca qurulacaq azarkeş tribunaları hazırda planlaşdırma mərhələsində olduğu üçün biletlərin kateqoriyaları və qiymətləri ilə bağlı danışıqlar gedir. Lakin onu demək olar ki, cari ilin dekabr ayında satışa çıxarılacaq biletlər yarışlara və yarış ərəfəsində keçiriləcək müxtəlif əyləncə və konsert tədbirlərinə pulsuz girişi də özündə əhatə edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/372187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR