I sinfə gedən uşaqlarda dərsə necə maraq oyatmaq lazımdır? – Psixoloq tövsiyəsi

I sinfə gedən uşaqlarda dərsə necə maraq oyatmaq lazımdır? – Psixoloq tövsiyəsi
18:53 29 Sentyabr 2015
108 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Tədris ilinin başlaması daha çox övladları birinci sinfə gedən valideynlərin öhdəliyini bir qədər də artıraraq onların qarşılarına uşaqlarının dərsləri ilə maraqlanmaq, onların ev tapşırıqlarına kömək etmək kimi yeni vəzifələr qoyur. Lakin problem ondadır ki, bəzi uşaqlar məktəblərdə verilən ev tapşırıqlarına çox həvəssiz yanaşdıqlarından, dərs hazırlamağa maraq göstərmədiklərindən valideynlər bu işə kifayət qədər çox vaxt sərf edirlər. Səbri daşan valideyn uşağa qarşı səbirsizlik edərək onu danlayır, hətta bəzi hallarda fiziki güc tətbiq edir.

Nəticə isə getdikcə daha pis olur - valideynlərinin belə davranışını görən uşaqlarda təhsilə maraq nəinki artır, onlar ev tapşırıqlarını etməyi özləri üçün əsl işgəncə hesab edirlər.

Bəs belə halların olmaması, əlinə yeni qələm alan uşaqda dərsə maraq yaratmaq üçün nə etmək lazımdır?

Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı Trend-ə bildirib ki, bir çox ölkələrdə uşaqlar ev tapşırıqlarını məktəbdə həll edir, evə gəldikdə isə gündəlik işləri ilə məşğul olurlar. Ancaq Azərbaycanda ev tapşırıqları daha çox evdə edildiyindən əsas yük də valideynlərin üzərinə düşür.

Psixoloqun sözlərinə görə, uşaqlar uzun müddət bir yerdə oturaraq bir işlə məşğul olmadıqları halda dərs edərkən bunu etməyə məcbur olurlar. Amma uşaqlar üçün çox çətin olur. E.Baxışlının fikrincə, belə hallarla bağlı problemin yaranmaması üçün müəllim-ailə sistemi düzgün qurulmalıdır.

Psixoloqun sözlərinə görə, ev tapşırıqlarının düzgün həll edilməsində müəllimlərin böyük rolu var. Müəllimlər dərsləri uşaqlara rahat, aydın şəkildə başa saldıqda onlar ev tapşırıqlarını da rahat həll edirlər: “Nəzərə almaq lazımdır ki, hər valideyn müəllim ola bilməz. Müəllim olaraq dərsi başa sala bilmək tamamilə ayrı bir işdir. “2+9” misalının cavabı çox asandır, amma bunu uşağa başa salmağın mexanizmi çox çətindir. Uşaq bunu qavramalı, onun təfəkkürü buna hazır olmalıdır. Müəllim bunu uşağa elə başa salmalıdır ki, uşaq evdə o misalı həll edə bilsin. Valideynin işi isə sadəcə yoxlamaqdır ki, uşaq dərsini edib, ya etməyib”.

Psixoloq deyib ki, bəzən valideynlərin “mənim uşağım hamıdan yaxşı yazmalıdır, şeiri ən yaxşı mənim uşağım deməlidir” kimi yanaşmaları daha çox problem yaradır: “Uşağın psixoloji vəziyyəti, fiziki, əqli imkanları buna qadirdimi? Uşaqların 6-7 yaşı olsa da, onların hamısının fiziki, əqli, psixoloji durumları eyni olmur. Bunlar nəzərə alınmalı, yüklənmə buna uyğun olmalıdır. Valideyn başa düşməlidir ki, bəzi məsələlərə müəllim kimi yanaşa bilməyəcək. O əsəbiləşəcək, uşağı vuracaq, nəticə etibarilə uşaq hər dəfə əlinə qələm aldıqda stress, qorxu keçirməyə başlayacaq ki, səhv edərəmsə, anam məni döyəcək. Ona görə də valideynlərə sual vermək lazımdır: sizin üçün hansı daha vacibdir - uşağın psixoloji sağlamlığı, yoxsa yazısının gözəlliyi?”

E.Baxışlı bildirib ki, adətən, valideynlərin bu məsələdə düzgün yanaşma göstərməməsi uşaqlar 11-12 yaşlarına çatdıqda onlarda özünəinam hissinin itməsinə, depressiya düşməsinə gətirib çıxarır: “Uşaq bacardığı kimi yazmalıdır, bu, zamanla öz yoluna düşəcək. Uşağı tələsdirmək lazım deyil ki, hər şey mütləq əla olsun. Nəzərə alınmalıdır ki, hər uşağın özünün mənimsəmə zamanı var”.

Psixoloq hesab edir ki, uşağın I sinif proqramından geri qalması onun sonrakı inkişafına təsir etməyə də bilər: “Dünya təcrübəsi də bunu təsdiq edir. Eynşteyndə də, Nyutonda da belə problemlər olub. Amma bu onların gələcəkdə dahi olmasına mane olmadı. Uşağa yaxşı yazmaq üçün psixoloji, fiziki təzyiq göstərmək onun ümumiyyətlə məktəbə marağının itməsinə gətirib çıxara bilər”.

E.Baxışlı bildirib ki, uşaq ev tapşırıqlarını edərkən fasilələr olmalıdır: "Fasilə müddətində onun fikri ev tapşırığından yayındırılmalı, onunla məktəbdə gördükləri işlər və s. barədə söhbət edilməlidir. Bununla həm də uşağın dinləmə qabiliyyəti inkişaf etdirilir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2438138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR