Bolqarıstanın sonuncu Çarı: "Avropa Azərbaycanla tərəfdaşlıqdan imtina etməməlidir"

Bolqarıstanın sonuncu Çarı: "Avropa Azərbaycanla tərəfdaşlıqdan imtina etməməlidir"
21:12 29 Sentyabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa qitənin enerji təhlükəsizliyini təmin edən Azərbaycanla tərəfdaşlıqdan imtina etməməlidir. Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Bolqarıstanın sonuncu Çarı və sabiq Baş naziri Simeon Saks-Koburq (II Simeon) deyib.

Onun sözlərinə görə, Azərbaycan enerji resursları ilə zəngindir və enerji layihələrini reallaşdırmaq vacibdir: "Həmin layihələr vasitəsilə Azərbaycan qazı Avropaya tədarük ediləcək. Bununla da Azərbaycan onun enerji təhlükəsizliyini təmin edəcək".

II Simeon bildirib: "Mən Azərbaycan Prezidenti İlham Əliyevin enerji sahəsində siyasətini yüksək qiymətləndirirəm və əminəm ki, o, Avropanın enerji təchizatı üzrə bütün planları reallaşdıra biləcək. Avropa qitənin enerji təhlükəsizliyini təmin edəcək ölkə ilə tərəfdaşlıqdan imtina etməməlidir".

O, qeyd edib ki, Bolqarıstan Azərbaycanı etibarlı tərəfdaş qismində nəzərdən keçirir: "Hazırda iki ölkə arasında əməkdaşlıq siyasət, iqtisadiyyat və mədəniyyət sahələrini əhatə edir. Enerji sahəsi əməkdaşlığımızda vacib yer tutur. Bolqarıstanın Azərbaycan qazına ehtiyacı var və ölkə enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır".

Heydər Əliyev Fondunun xoşməramlı jesti

II Simeon Heydər Əliyev Fondunun Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpa edilməsi təşəbbüsünü yüksək qiymətləndirib: "Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Trapezitsa"nın bərpa edilməsi üzrə təşəbbüsü xoşməramlı jestdir".

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun Bolqarıstanda humanitar missiyası iki xalqı daha da yaxınlaşdıracaq, ölkələr arasında mədəni əlaqələri daha yüksək səviyyəyə qaldıracaq.

Sabiq Baş nazir Azərbaycana qarşı ən isti münasibət bəslədiyini vurğulayıb: "Heç vaxt Azərbaycanda olmamışam. Lakin ailəmin üzvləri bir neçə dəfə Azərbaycana səfər edib və Bakının gözəlliyinə valeh olublar. Yaxın vaxtlarda ölkənizə gəlməyi çox arzu edirəm".

Azərbaycan - tolerantlıq nümunəsidir

II Simeon bildirib ki, hazırda münaqişələrin hələ də davam etdiyi, minlərlə insanın qaçqın düşdüyü və dinlərin bir-birinə qarşı gəldiyi dünyada cəmiyyətin yeganə xilası tolerantlıqda və multikulturalizmdədir: "İlk növbədə, İslamı ekstremizmlə eyniləşdirməkdən imtina etmək lazımdır. Başqa yanaşma lazımdır. İnsanlar başqa xalqların və dinlərin mədəniyyəti və dəyərləri ilə daha yaxından tanış olmalıdırlar".

O, diqqətə çatdırıb ki, Azərbaycan bütün dünyaya tolerantlığın yaxşı nümunəsini nümayiş etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/372200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR