Qaradan artıq rəng yoxdur (VİDEO)

Qaradan artıq rəng yoxdur (VİDEO)
23:31 28 Dekabr 2014
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Mən ehsanlara, təziyə çadırlarına da dövlətin yeni baxış tərzini təhlükəsizlik prinsiplərindən tərkib hissəsi kimi qəbul edirəm. Görünür, kimlərinsə məlumatı var idi ki, bu təziyələrə insanlar yalnız ölənin ruhunu yad etməyə yığışmırlar… Plovun üstündəki kimi altının da qarası var. Və bu qaradan artıq rəng yoxdur.

Bəzi xalası saytı və ya ağzı göyçəklərin bəh-bəh-şivənliyinə baxmayaraq dövlət öz iradəsini nümayiş etdirdi. İslam adı arxasında gizlənənlərin həbsi ilə dini əqidəyə görə təqib olunma arasında heç bir rabitənin olmadığı üzə çıxdı. Güclənmiş, varlanmış və artıq özünə arxayın olmağa başlamış Azərbaycan öz evində sahman yaratmağa qərar verərkən "başqaları nə deyər" əxlaqını bir kənara qoydu. Ona görə də həbs etdiklərinin beynəlxalq tanınma dərəcəsinə, cinsinə və hansısa xidmətlərinə baxmadı, bir prioritetə söykəndi sən dövlət üçün nə etmisən və ya gör bir nə etmisən… Biz başqalarının sözü ilə oturub durmayacağıq. Azərbaycan artıq uşaq deyil, cənab böyüklər və ya siz bizim üçün böyük deyilsiniz, uşaqlar!

“Biz əsrlər boyu başqa ölklərin, imperiyaların tərkibində olmuşuq, azad, müstəqil olmamışıq. Nə üçün? Bizim xalqımız azad və müstəqil yaşaya bilməz! Biz indi müstəqilik, böyük xoşbəxtlikdir. Ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda müstəqil siyasətlə də tamamlanmalıdır ki, bu gün bu Azərbaycanda var. Müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Heç kimin diqtəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq bir şəkildə deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik”, deyə prezident bildirmişdi.

Sizi bilmirəm, mən şəxsən “Sovetski” adlanan köhnə Bakı məhəlləsinin sökülməsinə də müstəqillik ideyalarının təntənəsi kimi baxıram. Doğrudan da Bakının mərkəzində “Sovetski” adının qalması, “Sovetski” xarabalıqlarının qalması müstəqil Azərbaycanın adına uyğun deyildi… Biz “Sovetski”dən də, yeni “Sovetski”lərdən də, yeni böyük qardaşlardan da qurtarmışıq və qurtarmalıydıq da… Biz başqalarından pis deyilik. Biz dünyanın, Avropanın ən layiqli dəyərlərinə də özünəməxsus şəkildə sahib çıxmağı bacarırıq. Niyə də yox? Alim Qasımov kifayət qədər böyükdür ki, orda bütün dünya mədəniyyəti yerləşsin…

Azərbaycanın ən sarsılmaz yeri onun mədəniyyəti və ruhudur. Buna görə də xaricdən ölkəyə ixrac olunan zərərli təriqət dalğasının gətirdiyi çır-çırpı, nur qırıqları məhz mədəniyyətimizin, dinimizin gözünə, qulaqlarına girirdi. Az qala dövlətdə dövlət yaratmaqda şübhəli bilinən bir sıra liseylər, məktəblər, “Araz” kursları bağlandı və bu qapanmalar da adi qısa qapanmalar kimi milli işıq, milli nur problemi idi. Qəflətən məlum oldu ki, heç demə bu məktəblərdə beyinlər yuyulur, sabuna çəkilir, bəzi qafalara isə hətta Gülən alt paltarlar geyindirilir… Nur adı altında Zəm-zəm şüşələrində mirvari suyu gətirirmiş… Şükür ki, bu çevrilmədən də salamat çıxdıq. Azərbaycan öz dünyəvi dövləti məzmununu qorumağı bacardı.

Prezident İlham Əliyev: “Biz bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərlərimizə tövhəmizi veririk. Təsadüfi deyil ki, Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar form, dünya liderlərinin zirvə görüşləri - bütün bunlar Azərbaycan reallıqlarıdır. Və biz bu tədbirlərin keçirilməsi ilə çalışırıq ki, ümumi işimizə öz töhvəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Dini faktor əsasında müharibələr, davalar, qanlı toqquşmalar baş verir. Yaxın Şərqdə, Avropada və digər yerlərdə. Bu əlbəttə ki. bizi çox narahat edir. Yenə də deyirəm, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək ümid edirəm ki, ümumbəşəri dəyərlərə öz qiymətli töhvəsini verir və verəcəkdir”.

Müstəqillik bir dəfə yox, hər dəfə qorunur. Bu hökm ermənilərin avqust diversiyasının qarşısı alınarkən yenidən tam məntiqi ilə ortaya çıxdı. Həmin hadisələr zamanı dövlət öz vətəndaşına mühüm mesajlar da verdi. Əvvəla başa salındı ki, döyüşçü döyüşdə həlak olursa, dava dayandırılmır, hər şey bitəndən sonra onun nəşi döyüş meydanından çıxarılır. İkincisi, döyüşçü həlak olanda ona matəm saxlamırsan, onu bir yerdə gizlədir, irəli gedir, məqsədə çatandan sonra meyiti torpağa tapşırırsan. Üçüncüsü, dava vaxtı beş nəfər də, on nəfər də, 100 nəfər də itki verə bilərsən, amma buna görə ölkədə matəm elan etmək olmaz. Və bütün bunları da ona görə edirsən ki, dövlətin öz müstəqilliyini qoruyarkən öz vətəndaşlarını qurban vermək kimi xüsusi səlahiyyətinin olduğunu qəbul edirsən, bu zərurətlə barışırsan… Məhz həmin hadisələrdən sonra cəbhə və cəbhəyanı xəbərlərin əldə edilməsinə, yayılmasına tətbiq edilən xüsusi qayadalar da elə dövlətin dayaqlarının daha da möhkəmlənməsi məqsədi daşıyırdı…

Müdafiə naziri Zakir Həsənov: "Kütləvi informasiya vasitələrinin nümayəndələri öz şəxsi mənafeyini millətin və dövlətin mənafeyindən üstün tutur. Bu çox təhlükəli bir məsələdir. Hesab edirəm ki, bütün ictimaiyyət bunlara qiymət verməlidir. Onlar çirkin əməllərindən əl çəkməlidir. Bilirsiz, bəzi hallarda orduya aid məlumatları yayırlar, bizim hərbi texnikanın hərəkətini çəkib internətə verirlər. Bunu qətiyyən etmək olmaz”.

Ermənilərin qəfil fəallaşmasını İrəvanın Rusiyanın əli ilə Azərbaycanı "Evrosoyuz"a itələyib salmaq üçün təzyiqi kimi də qiymətləndirənlər tapıldı. Və bu il əvvələr heç vaxt müşahidə etmədiyimiz bir sovet xiffətinin aşılandığının da şahidi olduq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=316796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR