Ağcabədidə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 23,4 faiz çox olub

Ağcabədidə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 23,4 faiz çox olub
13:58 21 Oktyabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 21 oktyabr, AZƏRTAC
Bu ilin doqquz ayında Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 223.281,2 min manat olub. Bu, əvvəlki illə müqayisədə 23,4 faiz çoxdur. Bu dövrdə 8826,4 min manatlıq sənaye, 135.302,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 23.842 min manat investisiya yönəldilib. 2014-cü ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 2,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 29,1 faiz, əsas kapitala yönəldilən investisiyalar 5,4 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Ağcabədi rayonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsində tikinti-quruculuq və abadlıq işlərinin davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Ağcabədi şəhərində Heydər Əliyev adına meydana 900 kvadratmetr tamet döşənib, iki giriş qapısı inşa edilib. “1941-1945” abidə kompleksi və Şəhidlər Xiyabanında yenidənqurma işlərinə, abidə kompleksinin tikintisinə başlanılıb. 100 yerlik körpələr evi-uşaq bağçasının və kənd təsərrüfatı idarəsinin binalarının tikintisi başa çatıb. Ağcabədi şəhərinin küçə və prospektlərinə 25450 kvadratmetr, Sarıcalı kəndi ərazisində magistral yola 13683 kvadratmetr asfalt örtük salınıb. Hazırda Aran kənd sahə xəstəxanası, şəhər 11 nömrəli tam orta məktəb və Hacıbədəlli kənd uşaq bağçası əsaslı təmir olunur, Olimpiya İdman Kompleksinin inşası davam etdirilir.
Doqquz ayda rayonun Təzəkənd, Şahsevən, Köyük, Şərəfxanlı, Aran və Kəbirli kəndləri təbii qazla təmin edilib, Azərbaycan Prezidentinin Sərəncamına əsasən rayonun 16 kəndində 20 ədəd subartezian quyusu qazılıb. Bundan başqa, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində rayonun 10 kəndində subartezian quyuları təmir edilib.
Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsil, mədəniyyət, səhiyyə, aqrar sahədə görülən işlər ətraflı təhlil edilib, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldüyü diqqətə çatdırılıb.
Çıxışlarda nailiyyətlərlə yanaşı, mövcud problemlərdən də bəhs olunub, onların həlli yolları müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedide_iqtisadiyyatin_esas_saheleri_uzre_mehsul_buraxilisinin_hecmi_234_faiz_chox_olub-894600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR