Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan Vartan Sirmakes barəsində cinayət işi açıldı

Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan Vartan Sirmakes barəsində cinayət işi açıldı
16:13 21 Oktyabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Azərbaycan Prokurorluğu Vartan Sirmakesin cinayət məsuliyyətinə cəlb edilməsi üçün İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müraciət etmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirliklərindən daxil olmuş İsveçrə Konfederasiyasının vətəndaşı “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyəti ilə bağlı materiallarda göstərilən xüsusatlar Baş Prokurorluqda araşdırılmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı V.Sirmakesin Ermənistanın ölkəmizin işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olması, Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının razılığı olmadan icazəsiz Zəngilan rayonunun Vejnəli kəndində yerləşən qızıl mədəninin açılış mərasimində iştirak etməklə dövlət sərhədini qanunsuz keçməsi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan qərəzli hərəkətlər etməsində şübhələr üçün kifayət qədər əsaslar müəyyən edilmişdir.

Göstərilən faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) və 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

V.Sirmakesin cinayət məsuliyyətinə cəlb edilməsi üçün İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müvafiq qaydada hüquqi yardım göstərilməsi barədə vəsatət göndərilmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2446686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR