Azərbaycanda ilkin əlillik təyin edilənlərin sayı 14 faizə yaxın azalıb

Azərbaycanda ilkin əlillik təyin edilənlərin sayı 14 faizə yaxın azalıb
16:24 21 Oktyabr 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari ilin 9 ayında tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülmüş işlərin, bu sahədə müasir və şəffaf iş üsullarının qurulması üçün aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib ki, Respublika Əlillərin Bərpa Mərkəzi müasir tibbi-fizioterapevtik aparatlarla və səmərəli reabilitasiya üsulları ilə il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsə yüksək səviyyədə bərpa-müalicə xidməti göstərməyə imkan verir. Nazir müavini Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) iş və əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması tədbirlərinin də davam etdirildiyini, bu günədək artıq 38 region üzrə TSEK-lərin 31-nin müasir iş şəraiti ilə təmin edildiyini bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov cari ilin ötən dövründə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində şəffaflığın təmin olunmasına, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının təşkilinə ciddi nəzarət tədbirlərinin davam etdirildiyini bildirib: “Görülən tədbirlərin müsbət nəticəsi kimi, cari ilin 9 ayında ilkin əlillik təyin olunan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3284 nəfər (13,9%), təkrar olaraq əlillik təyin edilən şəxslərin sayı isə 4440 nəfər (3,1%) azalıb. Təkrar əlillik müayinələri zamanı 2961 nəfərin hissəvi reabilitasiyası təmin olunub”. Xidmət rəisi hesabat dövründə ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayının da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26%, yəni 3 min nəfərə yaxın azaldığını qeyd edib: “Cari ilin ötən dövründə 115 nəfər əlilliyi olan şəxsin və 130 nəfər sağlamlıq imkanları məhdud uşağın, ümumilikdə 245 nəfərin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa müalicəsinə göndərilməsi təmin edilib ki, bu da ötən il xaricə bərpa müalicəsinə göndərilənlərlə müqayisədə 52,1 faiz çoxdur". 

 

Xidmət rəisi hesabat dövründə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin yaradılmasının diqqətdə saxlandığını, artıq cari ilin ortalarından Tibbi-Sosial Ekspert Komissiyaları ilə aidiyyəti idarə, müəssisə və təşkilatlar arasında əlillik müayinəsi barədə məlumatların elektron mübadiləsinin təmin olunduğunu qeyd edib: “Belə bir mühüm tədbir bir il ərzində əlillik müayinələrindən keçən şəxslərin sayının 7 dəfə azalmasına imkan verəcək ki, bu da əlillik müayinələrində məmur-vətəndaş ünsiyyətinin xeyli azalması ilə nəticələnəcək”.

Xidmət rəisi “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın yenidən işlənərək təkmilləşdirildiyini və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcəyini diqqətə çatdırıb:“Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində şəffaflığın artırılması üçün aparılan işlərin müsbət nəticələrindən biri kimi, təkcə cari ilin 9 ayında bu sahə ilə bağlı nazirliyə ünvanlanan vətəndaş ərizələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17%-ə yaxın azalıb, daxil olan həmin müraciətlərin isə əksər hissəsi sorğu xarakterli olub”.

Tədbirdə görülən işlərin yekunları ətraflı müzakirə edilib. Qeyd olunan sahədə əldə edilən müsbət nəticələrlə yanaşı, yol verilən nöqsan və çatışmazlıqlara da toxunulub, işlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib.

 





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/218697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR