Astara, 21 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür Astaranın sitrus bağlarında narıngi yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayonda sitrusçuluq və subtropik meyvə istehsalı ilə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri bu il bağlarda bol məhsul yetişdiriblər.
Astarada sitrusçuluq və subtropik meyvə istehsalı ilə əsasən Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar.
Nümunəvi qulluq tələb edən sitrusçuluq rayonun ən gəlirli sahələrindən biridir. Ötən il rayonda mövcud olan 826 hektar naringi bağlarından 21 min ton 514 kiloqram məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 316 sentner olub. Bu il havaların əlverişli keçməsi məhsuldarlığın artmasına da təsir edib.
Məhsul istehsalçıları min bir zəhmətlə yetişdirdikləri narıngi məhsulunu yerində 70-80 qəpiyə satırlar. Yeli bazarlarda isə narıngi məhsulu müştərilərə 1-1,5 manata təklif olunur.
Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulun ölkənin daxili bazarlarında satılmasına daha çox üstünlük verirlər. Onlar bunu Rusiyanın gömrük məntəqələrində rüsumların qaldırması ilə əlaqəndirirlər.
Uzun illərdir rayonda sitrusçuluqla məşğul olan Seyidağa Məlikov 0,50 hektar torpaq sahəsində naringinin iki növünü yetişdirib. Ötən illə müqayisədə məhsuldarlığın yüksək olduğunu vurğulayan S.Məlikov deyib: “Keçən il narıngi bağlarından 5,6 ton məhsul yığmışdıq. Bu il isə 8 tona yaxın məhsul gözləyirik. Orta hesabla hər ağacdan 20-25 kiloqram məhsul götürürük”.
Astaralı məhsul istehsalçıları bu il sitrus bağlarından 25 min ton narıngi yığmağı proqnozlaşdırırlar.




