Ombudsman Aparatında İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri ilə görüş keçirilib

Ombudsman Aparatında İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri ilə görüş keçirilib
20:58 21 Oktyabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, müvəkkil qonağı ölkəmizdə insan hüquqlarının təmini istiqamətində görülən işlər barədə məlumatlandırıb. O, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası ilə bağlı mühüm işlərin görüldüyünü, ölkənin hər bir rayonunda ictimai dinləmələrin keçirildiyini söyləyib. Həmin dinləmələr zamanı əhalinin müxtəlif təbəqələrinin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan qrupların problemlərinin dinlənildiyi və onların həlli istiqamətində müzakirələrin aparıldığı vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan Ombudsman İnstitutu BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən hələ 2006-cı ildə “A” statusu ilə akkreditasiya olunub. 2012-ci il də müvəkkil yenidən akkreditasiya prosesini keçərək “A” statusunu saxlayıb və bununla da insan hüquqları sahəsində fəaliyyətini Paris Prinsiplərinə tam uyğun apardığını, müstəqil fəaliyyət göstərdiyini sübut edib.
Nur Xolisə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyondan artıq soydaşımızın öz yurdunda qaçqın və məcburi köçkünə çevrildiyi, onların hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulduğu barədə də məlumat verilib. Qeyd edilib ki, işğal faktı bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib və bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, həmçinin Avropa Şurası Parlament Assambleyasının sənədləri var. Lakin Ermənistan bu sənədlərə indiyədək məhəl qoymayıb.
Ombudsman öz fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət yetirilən prioritet məsələlərdən olduğunu vurğulayıb.
Nur Xolis İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının fəaliyyəti barədə ombudsmana məlumat verib. O, Azərbaycanda insan hüquqlarının təmin edilməsi sahəsində görülən işlərin, eləcə də ombudsmanın bu istiqamətdə fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.
Azərbaycana səfəri çərçivəsində Xocalı soyqırımının şahidləri ilə görüşdüyünü xatırladan N.Xolis azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının, onların öz doğma torpaqlarına qayıda bilməməsinin böyük ədalətsizlik olduğunu deyib. O, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini vurğulayıb. N.Xolis Azərbaycanla bağlı həqiqətlərin İndoneziyada yayılması istiqamətində işlər görəcəyini diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ombudsman_Aparatinda_Indoneziyanin_Insan_Huquqlari_uzre_Milli_Komissiyasinin_sedri_ile_gorus_kechirilib-894785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR