Mübariz Qurbanlı: Kim özünü müsəlman hesab edirsə, İslam dininin mahiyyətini öyrənməlidir

Mübariz Qurbanlı: Kim özünü müsəlman hesab edirsə, İslam dininin mahiyyətini öyrənməlidir
11:33 29 Dekabr 2014
98 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycanda insanların dini bilikləri zəif ola bilər, amma dünyəvilik, sağlam cəmiyyət və savadlı olmaq din faktorundan sui-istifadəyə imkan vermir. Bununla belə, insanlar din haqqında ətraflı bilgi əldə etməlidir". Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində deyib.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, 4 faizi isə müxtəlif dinlərin daşıyıcısıdır: “Xalqımızın dini dünyagörüşünə gəldikdə isə biz uzun illər çar Rusiyasının və sovetlər birliyinin tərkibində olmuşuq. Bu zaman, xüsusilə sovetlərin ideoloji dövlət olması dinə də öz təsirini göstərib. Sovet rejimi ateizmi təbliğ etdiyi üçün Azərbaycanda tarixdən gələn ənənəvi adət-ənənələrimizə bəzi mənfi təsirlər olub. Amma bu gün demək olar ki, hamı müsəlman adətlərini yerinə yetirir”.

M.Qurbanlının fikrincə, bütövlükdə götürəndə Azərbaycan digər müsəlman ölkələrindən dünyəviliyinə görə fərqlənir: “Bizim ərazimizdə nə qədər təbliğat aparsalar da, yad təsirlər ərazimizə müəyyən qədər müdaxilə etsə də, hər hansı ciddi problem yoxdur. Yad təsirlər mədəniyyətimizə, incəsənətimizə, dinimizə müdaxilədə özünü göstərir. Amma nə Qərb mədəniyyətinin mənfi çalarlarının, nə də dini xurafatın burada kökü yoxdur. Bu da cəmiyyətimizin dünyagörüşünün, intellektinin yüksək olmasının göstəricisidir”.

Komitə sədri İslam dininin mahiyyətini yaxşı anlamamağın hansı fəsadlar yarada biləcəyinə də toxunub: “İnsan nəyisə pis bilirsə, bu müəyyən mənfi fəsadlar verir. Məsələn, pis həkimdirsə xəstə sağalmır, pis müəllimdirsə yaxşı təhsil vermir və s. Din də insanların inancıdır, dünyagörüşüdür, əxlaqıdır. Əgər kimsə öz keçmişini yaxşı bilmirsə, öz milli müqəddaratını qoruya və müdafiə edə bilməz. Əgər öz dinini yaxşı bilmirsə, kənar dinlərin təsirinə, dindəki mənfi cərəyanların təsiri altına düşə bilər”.

Ona görə də, M.Qurbanlının fikrincə, İslamı yaxşı bilməsək, Qurani Kərimi, Peyğəmbərimizin (s) yolunu yaxşı bilmiriksə, təbii ki, insanın başqa təsirlər altına daha tez düşməsi istisna deyil: “Məsələn, biz əgər radikal qrupların yayıldığı coğrafiyaya baxsaq, harada İslami bilgliər zəifləyibsə, radikallar dini əbaya bürünərək fəallaşırlar. Onlar dini siyasiləşdirir və ondan istifadə etməyə cəhd göstərirlər. Ona görə də İslamı bilmək vacibdir. Əgər kimsə özünü müsəlman hesab edirsə, İslam dinin mahiyyətini öyrənməlidir. İslam dünyasında dindən sui-istifadə hallarına rast gəlirik və qarşıdurmalara da görürük. Müəyyən qüvvələr insanların dini biliyinin aşağı olmasından istifadə edərək onları terrora və digər neqativ hallara cəlb edirlər”.

Komitə sədri qeyd edib ki, hələ də ölkədə dini sabitliyin pozulmasına yönəlmiş xarici təsirlər var və onlar məscidlərə də girmək istəyirlər, amma buna yol verilməyəcək: "Biz Buna yol verməyəcəyik. “Dini etiqad azadlığı haqqında” qanuna görə məscidlərdə yalnız Azərbaycan vətəndaşları dini ayinləri icra edə bilər, axundlar, imamlar bizim ölkənin vətəndaşları olmalıdır. Bu, çox məntiqlidir. Biz çalışmalıyıq ki, xalqımız İslam dəyərlərini dərindən öyrənsin. İslam dini yalnız hicabdan, yas mərasimlərində istifadə olunan ayinlərdən ibarət deyil. İnsanlar İslam elmindən nəyisə əxz edərək həyatında tətbiq etməlidir. İslam dini əxlaqı, insanlığı, paklığı, halallığı təbliğ edir. İslami dəyərlər milli mənəvi dəyərlərimizin tərkib hissəsidir və biz bu dəyərləri qorumalıyıq. Kimlərsə bu dindən xurafat yaymaq üçün istifadə etməyə çalışır, amma insanların dini biliyinin, dünyagörüşünün yüksək olması belə halların qarşısını alır”.

M.Qurbanlı KİV-ləri dini maarifləndirmə məsələlərində fəal rol oynamağa da çağırıb: “Hesab edirəm ki, dini intellektual səviyyənin yüksəlməsi üçün kütləvi informasiya vasitələrində İslam dini haqqında həqiqi bilgini insanlara çatdırmalıyıq. Hansı ölkədə bu işlər görülürsə, insanların təsir altına düşmə ehtimalı azalır. Azərbaycanda bu baxımdan sabitlikdir, radikalların dayaqları yoxdur. Cəmiyyətin dünyagörüşünün yüksək olması hansısa xurafata inanmağa imkan vermir. Amma arxayınlaşmaq da olmaz”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR