Heydər məscidi müsəlman birliyini təsdiq edən simvoldur

Heydər məscidi müsəlman birliyini təsdiq edən simvoldur
11:33 29 Dekabr 2014
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Arzu Nağıyev - Baş direktorun müavini, Trend-in icmalçısı

Prezident İlham Əliyev və onun ailə üzvlərinin iştirakı ilə Bakının Binəqədi rayonu ərazisində 12 min kvadratmetr sahədə salınmış ümumi sahəsi 4200 kvadratmetr olan və Şirvan-Abşeron memarlıq üslubunda inşa edilən xüsusi arxitekturalı Heydər məscidinin açılış mərasimi keçirildi.

Açılışda ölkəmizin hər bir rayonundan gələn dindarlar, ictimai xadimlər, Şimali Qafqaz müftiləri də iştirak etdilər. Mərasimdə Azərbaycan Prezidenti çıxış etdi. Tikinti işlərinin gedişatı və digər məqamlara toxunan dövlət başçısı bu məscidin müsəlmanların birliyini təsdiq edə biləcək bir simvola çevriləcəyini qeyd etdi.

Bu məscidin tikintisi İslam dininin vəhdətini, bununla bərabər Azərbaycanın milli, dini ənənələrə sadiqliyini nümayiş etdirdi. Məscidə Heydər Əliyevin adının verilməsi isə azərbaycanlıların unudulmaz dahi şəxsiyyətə olan daimi hörmət və ehtiramından irəli gəlir.

İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, “bu məscid ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiyyətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə xidmət etmişdir”.

Bu adın verilməsi eyni zamanda, hər bir azərbaycanlıya şərəf gətirən bir amildir. Çünki Prezidentin də çıxışı zamanı səsləndirdiyi kimi, “Heydər Əliyevin fəaliyyəti nəticəsində o illərdə sağlam zəmində dövlət-din münasibətləri qurulmuşdur. O, həmişə qeyd edirdi ki, biz öz milli, dini adət-ənənələrimizə sadiq olaraq müasir, güclü dövlət qurmalıyıq”. Yəni, Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz və misilsiz xidmətləri bu gün onun adını əbədiyaşar edir.

Bu gün sərhədlərimizdən çox da uzaqda olmayan ölkələrdə dini zəmində baş verən müharibələrə, münaqişələrə baxmayaraq, Azərbaycanda sabitlik bərqərər olub, xalq təhlükəsizlik şəraitində öz dini əqidəsinə uyğun olaraq, mütləq və bəlkə də analoqu olmayan tolerantlıq şəraitində öz inanclarını həyata keçirə bilir. Ölkədə etiqad azadlığı təmin edilir, hər bir regionda məscidlər, digər konfessiyalar üçün dini ocaqları inşa edilir, rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri işlərinə dövlət tərəfindən hərtərəfli maliyyə və digər dəstəklər verilir. Bir sözlə, insanlar istədikləri kimi əqidələrini həyata keçirmək imkanı qazanırlar. Əlbəttə, bu məsələlər həssas oduğu üçün qanun çərçivəsində nəzarət də olmalıdır.

Bəli, bu, Azərbaycan reallığıdır. Qonşu ölkələrdə gedən iqtisadi proseslər və onların təzahürü olan maliyyə və digər böhranlar ölkəmizdən yan ötür, çünki bu, Prezidentin danılmaz əməyi nəticəsində aparılan iqtisadi siyasətin nəticəsidir. Belə olan halda dini inanca da istənilən səviyyədə əməl olunur. Bunu bütün dünya görür və bizimlə razılaşır, çünki Azərbaycan söz sahibinə çevrilir.

Prezidentin də qeyd etdiyi kimi, “Azərbaycanda aparılan siyasət milli maraqlara söykənir. O ölkələrdə ki, siyasət milli maraqlara söykənir, o ölkələrdə sabitlik də, inkişaf da olacaq”.

Həmişə Azərbaycan Prezidentinin yürütdüyü siyasətdə ən prioritet məsələ olan Dağlıq Qarabaq münaqişəsi ilə bağlı qeyd edildi ki, “ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini tapacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”. Çünki artıq bu gün Azərbaycan güclü ordu, güclü iqtisadiyyat və əlbəttə ki, beynəlxalq tanıtım imkanına görə öz istəklərini həyata keçirəcək gücə malikdir.

Bir daha qeyd etmək yerinə düşərdi ki, Heydər məscidinin açılışı tək dindarlar üçün deyil, Azərbaycan xalqı üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına ən böyük hədiyyə idi.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2348539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR