Azərbaycan ilk dəfə Sapporo Beynəlxalq qar fiqurları festivalında təmsil olunacaq

20:03 2 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Tokio, 2 fevral, AzərTAc
Azərbaycan Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində keçirilən 66-cı Beynəlxalq qar fiqurları festivalında iştirak edəcək.
Bu barədə AzərTAc-ın Yaponiyadakı bürosuna məlumat verən Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədov bildirib ki, məqsəd sürətli inkişafı ilə bütün dünyanı heyran qoyan Azərbaycanı bu Gündoğar ölkədə daha yaxından tanıtmaqdır.
Möhtəşəmliyi ilə seçilən Sapporo Beynəlxalq festivalı barədə məlumat verən Ə.Məmmədov qeyd edib ki, 66-cı dəfə təşkil edilən festival yalnız Yaponiyada deyil, bütün dünyada populyarlığı ilə seçilən qış tədbirlərindəndir. Hər il bu festivalı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş iki milyondan artıq insan ziyarət edir.
Azərbaycanı geniş təbliğ etmək baxımından bu festivalın möhtəşəm bir tribuna olduğunu vurğulayan Ə.Məmmədov Hokkaydo Universiteti Xarici Tələbələr Assosiyasının prezidenti olaraq, onun vətəndaşı olduğu ölkənin müxtəlif simvollarının, nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiyanın quraşdırılması hüququna malik olduğunu qeyd edib. Bu səlahiyyətindən istifadə edən həmvətənimiz 2014-cü ildə ilk dəfə belə təşəbbüslə çıxış edib və bu, festivalın təşkilatçısı “Sapporo Ohdori Lions Club” tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın simvolu olaraq qədim Qız Qalasının götürülməsi və onun önündə milli geyimdə olan insanların qardan düzəldilmiş fiqurlarının yerləşdirilməsi barədə Ə.Məmmədovun verdiyi ideya təşkilatçılar tərəfindən qəbul edildikdən sonra kompozisiyanın maketi hazırlanıb.
Yanvarın 31-də “Sapporo Ohdori Lions Club”-ın üzvləri, Hokkaydo Universiteti tələbələri və sapporolu məktəblilərin iştirakı ilə Qız Qalasının qar variantının düzəldilməsinə başlanılıb. Hündürlüyü üç metr, eni iki metr olacaq ümumi kompozisiyanın festivalın başlanacağı günə, fevralın 5-ə kimi tam hazır olması üçün qrup üzvləri var gücləri ilə çalışırlar.
Ə.Məmmədov əlavə edib ki, Qız Qalasının qardan hazırlanması ərəfəsində Hokkaydo Universitetinin tələbələrinin, “Sapporo Ohdori Lions Club”ın üzvlərinin, şəhər ictimaiyyəti nümayəndələrinin və məktəblilərin iştirakı ilə Azərbaycan haqqında tədbir keçirilib. “Lions Club”ın rəhbəri Yamada Masayuki və Əlibəy Məmmədov iştirakçılara ölkəmiz haqqında ətraflı məlumat veriblər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR