Dövlət Komitəsi məktəblərdə dinin tədrisi və dini dərsliklərlə bağlı mövqeyini açıqladı

11:58 29 Dekabr 2014
69 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Biz öz keçmişimizi, tariximizi, mədəniyyətimizi bilməsək, şəxsiyyətlərimizi tanımasaq, hansısa xalqlarla müəyyən məsələlərdə üz-üzə gələndə deməyə kifayət qədər sözümüz olmaz. Mədəniyyətimizi, ənənələrimizi necə qoruyuruqsa, dinimizlə də bağlı bu proses getməlidir. Bu haqda bilgilər əlbəttə ki, məktəblərdə verilməlidir.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində orta məktəblərdə dinin tədris olunması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dini bilgi dedikdə, bunu başqa cür başa düşənlər də olur, Quranı öyrətmək, ərəb əlifbasını öyrətmək, dindar yetişdirmək anlamında qəbul edirlər: “Əlbəttə ki, belə deyil. Bu məsələlər müvafiq ali məktəblərdə, mədrəsələrdə öyrədilir. Biri də var ki, din haqqında ümumi bilgilərin verilməsi. Sovet sistemində də orta məktəblərdə dinlə bağlı bilgilər verilib”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrıdır, dini etiqad azadlığı, vicdan azadlığı var. Lakin dövlət dini himayədən imtina etməyib: “Vaxtilə Ulu öndər Heydər Əliyevin məscidləri ziyarət etməsi, Prezident İlham Əliyevin gördüyü işlər və bu sahədə əldə olunmuş nəticələr göz qabağındadır. Azərbaycan müstəqilliyini qazananda respublikada cəmi 17 məscid var idi, indi 2050 məscid var. 1600 məscid daimi fəaliyyət göstərir. Bu gün Azərbaycanda bayram namazlarına, cümə namazlarına diqqət yetirsək, 300-350 min vətəndaş məscidlərə gedərək dini ayinləri icra edirlər. Bütövlükdə isə məscidlər gün ərzində 600-700 min insanı dini ayinləri icra etmək üçün qəbul etmək imkanındadır”.

M.Qurbanlı bildirib ki, ümumiyyətlə, məktəblərdə «Həyat bilgisi» dərsliyi var ki, müxtəlif mövzuları əhatə edir, o cümlədən İslam dinini də. Bu dərslikdə başqa dinlər haqqında da məlumatlar verilir. Lakin DQİDK sədri düşünür ki, yuxarı siniflərdə, yəni 9-10-cu siniflərdə din tədris olunsa yaxşı olar: “Çünki bu, gənclərin formalaşdığı bir dövrdür. Dərsliyin adı isə «Dini bilgilərin əsasları» və ya «Din və mədəniyyətin əsasları» ola bilər. Azərbaycan multikulturalizm, tolerantlıq məkanıdır və bütün bunlar dərslikdə özünün geniş əksini tapa bilər. Düşünürəm ki, belə bir dərslik, fənn yarım dərs ili ərzində məktəblərdə tədris oluna bilər. Burada dinin mahiyyəti əks olunmalıdır. Eyni zamanda, zərərli cərəyanlar haqda da bilgilər verilməlidir ki, gənclər ayıq-sayıq olsunlar”.

O, həmçinin deyib ki, hazırda 30 ölkədə qanlı toqquşmalar gedir. Onların 12-i dini zəmindədir, etik və ideoloji zəmində də toqquşmalar var. Dini konfessiyalar və dindaxili toqquşmalar da mövcuddur. Təəssüf ki, belə toqquşmalar İslam ölkələrində çoxdur. Dini zəmində toqquşmaları isə radikal cərəyanlar törədir. Təkcə ötən 14 il ərzində planetimizdə baş vermiş toqquşmalarda 1 milyon 200 min nəfər həlak olub. Bunların da xeyli hissəsi dini toqquşmalar nəticəsində baş verib. Amma Tövrat, İncil, Quran və digər müqəddəs kitabların heç birində müharibəyə çağırış, insanların öldürülməsi çağırışları yoxdur. Müqəddəs kitabların hamısı insanları humanizmə, sülhə, qardaşlığa çağırır. Eyni zamanda, müsəlmanların müqəddəs kitabı olan Qurani Kərim insanları sülhə çağırır. Bu mənada bunlar haqda məlumatları oxuyan 14-15 yaşında gənclər radikalların arxasınca gedə bilməzlər: “Bəzi adamlar var ki, Qurandan bir neçə ayə, hədis əzbərləyib meydana çıxaraq özlərini dini dərindən bilən adamlar kimi göstərməyə çalışırlar. Onlar tarixdə baş verən hadisələri bu günə daşımağa çalışırlar. Bu, yolverilməzdir. Hadisələr o zamanlarda qaldı. Tarixdə kimsə nəsə edibsə, indi heç kim ona cavabdeh deyil. Bütövlükdə, dərsliklə bağlı mən hesab edirəm ki, müvafiq qurumlar, mütəxəssislər bu məsələni geniş müzakirə etməli və lazımi qərar qəbul olunmalıdır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR