İnternetin keyfiyyəti artacaq

İnternetin keyfiyyəti artacaq
12:11 29 Dekabr 2014
107 Ölkə
Ölkə mətbuatı
A- A+

“Aztelekom” İB-də özəl provayderlərin, Azərbaycan İnternet Forumu və İnternet Cəmiyyətinin iştirakı ilə toplantı keçirilib.

ANS PRESS-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla verdiyi məlumata görə, toplantıda “Aztelekom” İB tərəfindən yaradılan İntellektual İdarəetmə Mərkəzi və “Birgə əməkdaşlıq” layihəsi müzakirə edilib.

Tədbiri giriş sözü ilə “Aztelekom” İB-in baş direktoru Məhəmməd Məmmədov açaraq qeyd olunan məsələlər haqqında qısa məlumat verib. O, regionlarda özəl provayderlərin fəaliyyəti üçün yetərli şərait və “Aztelekom” İB-nin infrastrukturundan güzəştli şərtlərlə istifadə imkanlarının yaradıldığını bildirib.

Güzəştli şərtlərə kabel-kanalizasiya qurğularından və digər rabitə sistemlərindən istifadə imkanlarının da yaradıldığını diqqətə çatdırıb.

M. Məmmədov həmçinin bütün provayderlərə kömək məqsədilə vahid bir servis mərkəzinin də "Aztelekom" tərəfindən yaradıldığını bildirib. O, provayderlərin bu sistemə qoşulmasından sonra ölkə üzrə bütün internet istifadəçilərinə servis xidmətinin operativliyinin və keyfiyyətinin xeyli artacağını qeyd edib.

Baş direktor provayderləri bu şəraitdən və imkanlardan faydalanmağa çağırıb.

Tədbirdə İB-in əməkdaşları R.Tağıyev və F. Cəfərov “Birgə əməkdaşlıq” layihəsi və Multimedia Xidmətlərinin İntellektual İdarəetmə Mərkəzi haqqında geniş təqdimatlar ediblər.

Bildirilib ki, Çağrı mərkəzinin operatoru tərəfindən, sabit və mobil telefondan edilən zənglər, elektron poçtundan göndərilən mesajlar, mobil telefondan göndərilən mesajlar, mobil telefondan göndərilən SMS-lərin hamısı qəbul edilir.

Daha sonra çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ölkə üzrə geniş rabitə infrastrukturuna və imkanlara malik dövlət qurumunun özəl provayderlərə təqdim etdiyi təkliflər kifayət qədər əhəmiyyətlidir. O, bu təkliflərin ölkədə İnternet xidmətləri sahəsində əlçatımlıq və keyfiyyətin artmasına ciddi təsir edəcəyini qeyd edib.

O, xüsusilə keyfiyyətli və operativ servis xidmətinin hazırda problemli olduğunu diqqətə çatdıraraq adı çəkilən İdarəetmə Mərkəzinin yaradılması və özəl provayderlərin bu mərkəzdə birləşməsinin xeyli faydalı olacağını bildirib.
Osman Gündüz özəl provayderlərin regionlarda, xüsusən də kənddə son nöqtəyə internet xidmətləri göstərə bilməsi üçün “Aztelekom” tərəfindən ciddi təminatların yaradılmasının vacibliyini diqqətə çatdırıb. O, özəl provayderlərə “Aztelekom”un yerli qurumlarının daha həssas yanaşmasının da vacib olduğunu bildirib.
Osman Gündüz qurulacaq sistemin daha şəffaf və əlçatan olması üçün ayrıca onlayn resursun da yaradılmasının faydalı olacağını bildirib.

Görüşdə provayderləri maraqlandıran suallar cavablandırılıb və İntellektual İdarəetmə Mərkəzinə baxış olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR