Moskvada 22 yaşlı azərbaycanlı tələbəni 77 bıçaq zərbəsi ilə qətlə yetirən keçmiş polis əməkdaşlarına hökm oxunub

Moskvada 22 yaşlı azərbaycanlı tələbəni 77 bıçaq zərbəsi ilə qətlə yetirən keçmiş polis əməkdaşlarına hökm oxunub
12:22 29 Dekabr 2014
92 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 12:13 ]

Moskva. Fərid Əkbərov - APA. Moskvada 22 yaşlı azərbaycanlı tələbəni qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.

APA-nın Moskva müxbirinin məlumatına görə, Moskva Vilayət Məhkəməsi Azərbaycan vətəndaşı Seymur Ağahüseyn oğlu Ağayevi 77 bıçaq zərbəsi ilə vəhşicəsinə qətlə yetirən polis əməkdaşları Dmitri Kolotovkini 17 il, Artyom Skubakı 16 il, Andrey Alyoxini 14 il, Aleksandr Vlasenkonu isə 13,5 il müddətinə azadlıqdan məhrum edib. Cinayətin beşinci iştirakçısı Aleksey Vasilyev isə 7 il şərti cəza alıb.

 

Qətl hadisəsi 2012-ci il sentyabrın 5-də baş verib. Belə ki, Moskva vilayətinin Xoroşevo-Mnevniki rayonunun post-patrul xidmətinin əməkdaşları Dmitri Kolotovkin, Artyom Skubak, Aleksey Alyoxin və Aleksandr Vlasenko Azərbaycan vətəndaşı, Moskva İnşaat Mühəndisliyi İnstitutunun tələbəsi, 1990-cı il təvəllüdlü Seymur Ağahüseyn oğlu Ağayevi girov götürüblər. Onlar Seymuru şəhər kənarında yerləşən əraziyə gətirərək, 77 bıçaq zərbəsi ilə qətlə yetirib, ona məxsus BMW markalı avtomobili qaçırıblar.

 

Seymurun meyitini meşədə gizlədən polislər onun ailəsinə zəng edərək Seymuru girov götürdüklərini bildirib, qaytarılması müqabilində 150 min avro tələb ediblər.

 

Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətmiş polis əməkdaşları 2012-ci il oktyabrın 31-də yaxalanaraq istintaqa təhvil veriliblər. 

 

Aparılan istintaq nəticəsində məlum olub ki, polis əməkdaşları taksi fəaliyyəti ilə məşğul olan Seymur Ağayevdən hər ay onlara pul verməsini tələb ediblər. Lakin Seymur polislərə pul verməkdən imtina edib. Bu səbəbdən də onu qətlə yetiriblər.

 

Qeyd edək ki, Moskva Vilayət Məhkəməsi Seymur Ağayevin qətlində təqsirləndirilən şəxslər barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin “adam oğurluğu”, “qəsdən adam öldürmə” və “hədə-qorxu yolu ilə pul tələb etmə” maddələri ilə ittiham hökmü çıxarıb.

 

Məhkəmə zərərçəkən tərəfin 3 milyon rubl məbləğində mənəvi ziyanın ödənilməsi barəsində vəsatəti də təmin edib.

 

Mərhum Seymur Ağayevin atası Ağahüseyn Ağayev isə məhkəmənin hökmü ilə razılaşmadığını, təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istədiyini bildirib. O, hökmdən apelyasiya şikayəti verəcəyini deyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR