Bakıda polisləri güllələyən şəxsə ÖMÜRLÜK CƏZA

Bakıda polisləri güllələyən şəxsə ÖMÜRLÜK CƏZA
12:34 29 Dekabr 2014
199 Ölkə
Ölkə mətbuatı
A- A+

Gülağa Lətifov kimsəni öldürmək istəmədiyini deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə, iki nəfəri yaralamaqda təqsirli bilinən 1959-cu il təvəllüdlü Gülağa Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, iclasda təqsirləndirilən şəxs son sözlə çıxış edib. G. Lətifov peşman olduğunu, heç kimi öldürmək istəmədiyini bildirib. Bundan sonra hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər Gülağa Lətifovu ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər.


Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20:00 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. O, münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Nəticədə F.Qədirov və Y.Alpaşeyev dünyasını dəyişib. Suraxanı rayon Polis İdarəsi rəisinin müavini, polis polkovnik-leytenantı Akif Nəzərov, eləcə də, onun oğlu, polis leytenantı Asif Nəzərov isə yaralanıb.

İstintaq araşdırması zamanı Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında xeyir-şər evinin tikilməsi adı altında tikinti işləri aparmağa başlayıb. Həmin torpaq sahəsinə özbaşına xeyli miqdarda mişar daşları və qum tökdürüb.

Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Tikinti işləri başlanan zaman qəsəbə sakinləri Fərid Qədirov, Akif Nəzərov, Asif Nəzərov və Yusif Alpaşayev ondan bu hərəkətlərinə son qaymağı tələb ediblər. Onun tökdürdüyü mişar daşlarını meydançanın kənarına yığarkən Gülağa Lətifov özünə məxsus “Nissan-Juke” markalı 90 SK 207 dövlət nömrə nişanlı avtomaşınla ora gəlib. Tikinti işləri aparmasına imkan vermədiklərinə görə onlarla mübahisə edib.

Gülağa Lətifov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.3 (zərərçəkmiş şxəsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya imumi təhlükəli üsülla adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR