Tural Abbaslı: “Arif Hacılının bu dərəcədə açıq qərəz nümayiş etdirməsi Müsavat Partiyası tarixində görünməmiş haldır ”

12:37 29 Dekabr 2014
88 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 12:34 ]

"Baş verənlər parlament seçkiləri qabağı partiyanı daha da zəiflədəcək"

Bakı. Ramiz Mikayıloğlu - APA. “Müsavat Partiyasının 3 aydan bir keçirilən Məclisi əslində partiya daxilində barışın əldə olunması üçün bir şansdır. Çünki Məclis toplantıları qurultaydan sonra partiyada ən böyük tədbir olur. Çox təəssüf edirəm ki, Müsavat Partiyasının başqanı Arif Hacılının mövqeyi partiyadaxili durumu daha da gərginləşdirdi”.

 

Bu sözləri Müsavat Partiyası başqanlığına keçmiş namizəd Tural Abbaslı APA-ya açıqlamasında deyib. O bildirib ki,  Məclisdə bələdiyyə seçkilərinin nəticələrinin müzakirə edilərək prosesə rəsmən qiymət veriliməsini, partiyanın sonuncu mitinqi ilə bağlı məsələnin müzakirə edilərək problemlərdən danışılmasını gözləsə də, bunların heç bir olmayıb, yalnız ümumi şəkildə bu məsələlərə toxunulub: “Arif Hacılı Vurğun Əyyubun Məclis üzvlüyündən uzaqlaşdırılması məsələsini qaldırdı. Halbuki əksinə, Məclisdə barışdırıcı mesajlar verilməli idi, üzvləri birləşdirmək dəvəti olmalı, səmimi şəkildə proseslərdən inciyən insanların könüllərini alaraq onları prosesə dəvət etmək olardı. Nüşabə Sadıqlının Məclis sədri seçilməsinin partiyadaxili narazılıqların aradan qalxmasında hansısa rol oynayacağını da düşünmürəm. Çünki  Nüşabə Sadıqlı da açıq şəkildə bir tərəfin mövqeyini müdafiə edən şəxsdir və əks tərəfin mövqeyini ümumiyyətlə, qəbul etmir. Bu Məclis birmənalı olaraq partiyadaxili gərginliyi daha da körüklədi. Nəzərə alsaq ki, gələn ilin noyabrında parlament seçkiləri keçiriləcək, Məclisin növbəti toplantısı isə mart ayında olacaq, təəssüf ki, növbəti 3 ayda da partiyadaxili ittihamlar, gərginliklər davam edəcək. Bütün bunlar parlament seçkiləri qabağı partiyanı daha da zəiflədəcək”.

 

T. Abbaslı Müsavat Partiyasının hazırkı başqanının mövqeyinin artıq öz tərəfdarları arasında da parçalanma yaratmağa başladığını bildirib: “Son 3 aydır ki, partiya daxilində yeni münasibətlər formalaşıb. Təəssüflər olsun ki, partiya daxilində keçirilən seçkilər artıq səs çoxluğu məsələsinə görə formal xarakter daşıyır, nəticələrin  necə olacağını əvvəlcədən hesablamaq olur. Amma əvvəllər seçkilərin nəticələrinin necə olacağını heç kim əvvəlcədən deyə bilmirdi. İndi Məclisdə say üstünlüyü Arif Hacılının tərəfdarlarındadır və bütün postlara da Arif Hacılının tərəfdarları seçilir.  Hətta partiyanın rayon təşkilatlarının sədrlərinin seçkisində də Arif Hacılının yaxın ətrafı zənglər edir, tapşırıqlar verir, partiya rəhbərliyinin mövqeyini çatdırır. Hazırkı partiya rəhbərliyinin atdığı addımların yanlış olduğunu zamanında bu rəhbərliyi dəstəkləyən insanların bugünkü çıxışlarından da görmək olar. Məclis sədrliyinə namizədliyini vermiş, sonra namizədliyini geri götürmüş Sabir Məmmədli elmlər namizədi, ziyalı, sözünü deməyi bacaran insandır, qurultay öncəsi və qurultayda Arif Hacılını dəstəkləyib. Ancaq bu gün açıq şəkildə hazırkı başqanı tənqid edir. Sabir Məmmədli qısa müddətdə reallıqları gördü və iradını bildirərək yarışdan çəkildi. Bu göstərdi ki, mövcud rəhbərlik düz yolda deyil və belə getsə, Arif Hacılının ətrafı belə onun siyasi kursunu dəstəkləməyəcək. Yeri gəlmişkən, həmin Məclisə qədər partiyanın Mərkəzi-Nəzarət Təftiş Komissiyasının bir üzvü də istefa verdi. Bunun səbəbini hərə bir cür deyir, amma əsl səbəb mənə bəllidir. Əgər barışıq istiqamətində real addımlar atılmasa, partiyadaxili münasibətlıər əvvəlki hala qaytarılmasa, partiyada gərginlik artacaq”.

 

T. Abbaslı qeyd edib ki, Müsavat Partiyasının Məclislərinin tarixində ilk dəfə sonuncu Məclisdə söz istəyən şəxsə söz verilməməsi halı baş verib: “Vurğun Əyyubla bağlı məsələdə mən 4-5 dəfə əlimi qaldırdığım halda, yerdən replika ataraq söz istədiyim halda, Arif Hacılı mənə söz vermədi. Hətta Məclis üzvü Rüfət Hacıbəyli yerindən qalxaraq Arif Hacılıdan mənə söz verib-verməyəcəyini soruşdu, belə münasibətin partiya üzvlərinə qarşı indiyə qədər sərgilənmədiyini söylədi. Ancaq Arif Hacılı Rüfət Hacıbəylinin bu sözlərini belə cavablandırmadı. Partiya başqanı olan Arif Hacılının bu dərəcədə açıq qərəz nümayiş etdirməsi Müsavat Partiyası tarixində görünməmiş, ilk haldır".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR