Yeni İl bazarlığı: Nə, harada, necəyə? - BAZARDAN REPORTAJ

Yeni İl bazarlığı: Nə, harada, necəyə? - BAZARDAN REPORTAJ
12:39 29 Dekabr 2014
263 Sosial
Ölkə mətbuatı
A- A+

 

Qimyətlər bir elə artmayıb, amma nə olsun ki, alan yoxdur. Bayram qabağıdır, biz də Yeni İli qeyd etmək istəyirik” satıcı Mürşüd dayı bazarda qiymətlərin artmadığını deyir. Bakılıların “Vosmoy” bazarı kimi tanıdığı bazrdayıq. Bayramqabağı olsa da, bazarda elə bir qələbəlik yoxdur.

 

Ləbləbi satan Süleyman dayı alıcı azlığında şiakyətlənir.

“Bu günlərdə bazarda basabas olmalıdır. Amma hanı? Kimisi birini alanda, üçünü almır, kimisi də ki, puluna qənaət edib az alır ki, bayramdan sonra da dolana bilsin. Aya min manat yer pulu verirəm. Mən də ailə başçısıyam, bazarda satıcı olmaqla deyil ki, evdə əlimə baxanlar var. Bu pulu birtəhər çıxartmalıyam da. Yer pulunu ödəməsən şələ-şüləmi yığıb məni qovarlar. Aylıq satışdan mənə qalan isə 300 manat olur, o da yaxşı bazarlıq olanda. Belə işləməyin mənası da yoxdur, məcburuq sadəcə”.

Yunus isə konfet satır. Bekarçılqıdan tum çırtlayır ki, səbri daralmasın, bazarlığın olmaması onu da əməlli-başlı dilxor edib: “Alıcı yoxdur. Amma son üç gündə artacağına ümidimiz var. Çoxu indi almır ki, iki qat xərcə düşməsin. İstər-istəməz konfetdi, şokoladdır, mer-meyvədir aldıqca yeyilir, adam nəfsini saxlaya bilmir. Qiymətlər də yüksək deyil, bir ay öncəki kimidir. Amma onu da deyim ki, hər il bayram ərəfəsində alış-verişimiz yaxşı olur. Bayram bitdi, al-ver ölür. Hardasa 10 gün sonra bazar yenidən dirçəlməyə başlayır. Bir də görürsən ki, alıcı qiymətdən şikayətlənir, guya kimsə üstünə qoyub, süni artımdır. Kim deyir ki, bazarda bahalıqdır, səhv deyir. Ötən il göyərti 20 qəpik iidisə, indi 10-15 qəpikdir, daha da qiyməti düşüb. Amma marketlərdə qiymət bahadır, 4 manata olan bu şokolad evimizin yanındakı marketdə 5 manat 80 qəpiyədir”.

Bayramqabağı satdığı mallardan pul götürmədiyi üçün bu yeni ili o da digər satıcılar kimi kasıbyana qeyd edəcək: “450 manat icarə haqqı verirəm, özümə qalan da 150-300 arası olur. Ayağımı yorğanıma görə uzadacam. Özüm təxminən 100-150 manat civarında süfrə açacağam. Hər şeydən bir-iki, kilo yarım alsam, evimizdə süfrə açılar”.

Subhan isə qaz satır, 17 manata, dadından xəbəri olmadığı bir qaz. Deyir, onu almaq mənim hünərim deyil. Dekabrın 31-də ucuvari bir Yeni İl süfrəsi açacaq: “Təxminən 40 manatlıq alış-verişlə süfrə açacağıq. Bir çolpa, bir ördək alacam, ət əvəzi. Çolpa 2 manat əlli qəpikdir”.

Toyuq-cücə satan Malikin də ümidi dekabrın son gününədir: “Bu gün 25 toyuq-cücə almışam, cəmisi 8-i satılıb. Yeni ili necə keçirəcəyəm, heç bilmirəm. Qorxumdan çox mal da götürmürəm ki, qalıb köhnəlməsin”.

Satıcı Rüfət deyir ki, düyünün qiyməti qalxmayıb. Amma bəzi mallarda artım da var: “Xüsusən də xaricdən gəələn meyvə qurularının qiymətində artım var. Badamı əvvəl 7 manata alırdıq, indi 8-9 manata. Bu il ötən illə müqayisədə bahalıqdır. Yerli mal camaatın tələbatını qaşılamır”.

 

Beləcə, gəzə-gəzə bazardakı qiymətlərlə tanış oluruq:

Meyvə-tərəvəzlər;  Banan 2 manat – 2 manat 30 qəpiyə, pomidor 80 qəpik, naringi 1 manat , 1 manat 50 qəpiyə, nar 1 manat, üzüm 60 qəpik, alma 50 qəpik – 1 manat 50 qəpiyə, apelsin 1 manat 30 qəpiyə, limon 5 ədədi 1 manata, soğan 50 qəpik, sarımsaq 4 manata, kartof 50 qəpik - 1 manat, İran qarpızı 4 manat, ananas 4 manat, armud iki-üç manat, xurma 50 qəpik, göyərti 10 qəpik, şokoladların qiyməti 3 manatdan başlayır, konfetlər 1 manat 50 qəpikdən başlayan qiymətlərlə, xiyarlar 2 manat, 2 manat 50 qəpiyə, kök 80 qəpik.

Ləbləbi, meyvə qurusu;

 

Qoz ləpəsi 19-14 manata, gavalı qurusu 4-6 manata, yer badamı 3 manata, kişmiş 5- 6, aş üçün turşu 4, şahbalıd 4-6 manata, badam 10 manata.

 

Ət məhsulları;

 

Hinduşkanın kilosu 8-10 manat, qaz 17 manat, fərə 10 manatadır. Ürək-ciyər, heyvanın ayaq-başı 4 manata, qarın 2 manata, qursaq 1 manat 50 qəpiyə, balıq 4 manat 50 qəpikdən 15 manata, mal, qoyun əti 11-14 manata.

İqtisadçı ekspert Vüqar Bayramlı bazarlardakı qiymət artımından danışaraq yeni il büdcəsinin təxminən nə qədər vəsait tələb etdiyini açıqlayıb:

“Əksər hallarda bazarlarda qiymət artımı müşahidə etmişik, hazırda da bayram qabağıdır, qimyət artımlarının olması gözlənilir. Yeni ildə xərclənəcək məbləğ həm də ailənin bayramı harada qeyd etməsindən asılı olacaq. Üç-dörd nəfərlik ailə üçün yeni il xərcləri 100-150 manat təşkil edir, xüsusi içkiləri əlavə etmədən. Əgər ailə yeni ili  kənarda qarşılayacaqsa, qiymətlər daha da artacaq. Bəzi hallarda restoranların yeni il süfrəsinin qiymətləri 100-200 manat olur. Restorandan asılı olaraq ailəvi yeni il şənliyinin qiyməti daha da arta bilər”. 

Ekspertin fikrincə də bazarlarda qiymət artımı var:

“Bazarda süni artım var, bu da bayramöncəsi tələbatın artması ilə əlaqədardır. Hətta kiçik yeni il hədiyyəsinin də qiyməti maya dəyəri ilə müqayisədə yüksəkdir”.

 

Nigar Məhərrəm

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR