İstanbulda 1915-ci il hadisələrinə həsr edilmiş toplantı keçirilib

13:57 29 Dekabr 2014
63 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 13:53 ]

Ömər Lütəm: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadan Türkiyə-Ermənistan sərhədini açmaq ermənilərin o torpaqlardan heç vaxt çıxmayacağı deməkdir”

Bakı – APA. Türkiyənin tanınmış fikir və düşüncə qurumlarından olan “Avrasiya Bir” Vəqfinin toplantı salonunda “100-cü ilində “erməni məsələsi”nə ümumi baxış və aktual proseslər” mövzusunda toplantı keçirilib.

 

APA-nın məlumatına görə, toplantıda çıxış edən Avrasiya Strateji Araşdırmalar Mərkəzi Erməni İnstitutunun keçmiş direktoru, istefada olan səfir Ömər Lütəm deyib ki, bu torpaqlarda erməni etnik ünsürləri olub, ancaq ermənilər buradakı varlıqlarını əsassız yerə fantastik dərəcədə şişirirlər. “10 əsr bu torpaqlarda bir dəfə də olsun, dövlətiniz olmayıbsa, hansı siyasi varlıqdan danışırsınız?” - deyən Ömər Lütəm, Osmanlı İmperiyasında “erməni məsələsi”nin 1893-cü ildən sonra meydana çıxdığını və ondan sonrakı dönəmdə dövlətdə yüksək vəzifələr tutmalarına baxmayaraq, xarici qüvvələrlə əlbir olan ermənilərin sistemli şəkildə Osmanlı İmperiyasına xəyanət etdiklərini vurğulayıb.

 

Birinci Dünya savaşında Şərq bölgələrində çar Rusiyasının dəstəyi ilə Osmanlı İmperiyasını parçalayıb dövlət qurmağa cəhd edən ermənilərin imperiyanın başqa bölgələrinə göndərilərkən çoxluğu kürd mənşəli vətəndaşlardan ibarət olan Hamidiyyə alayları tərəfindən sərt şəkildə cəzalandırıldığını xatırladan Ömər Lütəm, “İngilis baş prokuroru heç bir əsaslı dəlil tapa bilmədiyinə görə, Maltaya sürgün edilənlərə bəraət verilib. Lozan sazişinin imzalanmasıyla Türkiyə üçün “erməni məsələsi” bitmişdir”, - deyə söyləyib.

 

İkinci Dünya müharibəsinin sona çatmasından sonra ermənilərin Türkiyəyə qarşı “soyqırım” iddialarını gündəmə gətirdiklərini xatırladan Ö. Lütəm, erməni terrorçuların türk diplomatlarını şəhid etməsini də eyni çərçivədə dəyərləndirməyin lüzumundan bəhs edib. O, Türkiyənin “erməni soyqırımı” iddialarına qarşı lazımi cavabı verdiyini və verəcəyini vurğulayıb: “Dünyadakı erməni diasporası Türkiyədən heç nə tələb edə bilməyəcək, Ermənistanın nəsə tələb edəcəyini gözləmək olar, ancaq ona da lazımi cavab veriləcək. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadan Türkiyə-Ermənistan sərhədini açmaq ermənilərin o torpaqlardan heç vaxt çıxmayacağı deməkdir”.

 

APA-nın “İndiyə qədər “soyqırım” iddialarına qarşı Türkiyənin hüquq sahəsində əldə etdiyi ən mühüm qələbə Avropa İnsan Haqları Məhkəməsinin 17 dekabr 2013-cü ildəki hökmüdür. 28 yanvar 2015-də AİHM Böyük Palatası son hökmünü verəcək. Sizcə, Türkiyə hökuməti bu prosesdə Doğu Perinçekə nə dərəcədə dəstək verir?” - sualını Ö. Lütəm belə cavablandırıb: “Türkiyə XİN Perinçekə hər cür dəstək verir. Bundan xəbərim var, çünki bu məsələdə mən də XİN-ə lazımi köməyi edirəm. Əmin ola bilərsiniz ki, Türkiyə XİN bu məsələdə dəridən-qabıqdan çıxır”. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR