Bakıda gənc rəssam Səbinə Abdullayevanın "Jakaranda" adlı sərgisi keçirilib. Lent.az-ın məlumatına görə, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində keçirilən sərgiyə rəssamlar, ictimai xadimlər, media nümayəndələri və digər qonaqlar qatılıb.
Sərgidə gənc rəssamın şüşə üzərində nəqqaşlıqla işlədiyi əsərləri təqdim olunub. Bunlar arasında “Santana”, “Adsız Mahnı”, “Orxideya”, “Tovuz quşu”, “Sübh”, “Öpüş”, “Zəfəran” və s. adlı sənət işləri xüsusilə diqqət cəlb edib.
Sərgiyə maraq çox böyük olub. Səbinə Abdullayeva Lent.az-a açıqlamasında, bildirib ki, 2012-ci ildən bəri şüşə üzərində nəqqaşlıqla məşğuldur: “Uşaqlıqdan özümü incəsənətin müxtəlif sahələrində sınamışam. Xüsusilə, musiqi, qrafika, heykəltaraşlıq və rəssamlığı qeyd etmək olar. Yağlı boya ilə işləyirəm, amma 2012-dən bəri əsasən şüşə üzərində nəqqaşlıqla məşğul oluram. Şəkillərimdə dünyanın gözəlliyini və parlaqlığını göstərməyə çalışıram. Virtajı və rəngləri çox sevirəm. Süni çiçəklər, muncuq və taptığım hər bir gözəl əşya ilə kollaj yaradıram. Mən həyatı bayrama çevirməyə və ətrafımda nağıl yaratmağa çalışıram”.