Moskva vilayətinin Domodedovo şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan təntənəli mərasim keçirilib - FOTO

Moskva vilayətinin Domodedovo şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan təntənəli mərasim keçirilib - FOTO
15:12 29 Dekabr 2014
166 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 15:10 ]

Moskva. Fərid Əkbərov - APA. Moskva vilayətinin Domodedovo şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təntənəli mərasim keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan "Bor" İstirahət və Sağlamlıq Mərkəzində keçirilən mərasim Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsinin sədri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimov tərəfindən təşkil olunub.

 

Tədbiri giriş sözü ilə açan Domodedovo şəhər administrasiyasının rəhbəri Dmitri Qorodetsko Rusiyada yaşayan azərbaycanlıları Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib. O, Həmrəylik gününün dünya azərbaycanlıları tərəfindən geniş qeyd edildiyini və bu bayramın ruslar tərəfindən də sevildiyini bildirib: "Domodedovoda yaşayan iki mindən çox azərbaycanlı şəhərin həyatında fəal iştirak edir. Onların şəhərimiz üçün göstərdiyi xidmətlər artıq öz bəhrəsini verib. Həmin azərbaycanlılara misal olaraq Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovu və ÜAK regional bölməsinin icraçı direktoru Araz Mürsəliyevi misal göstərmək olar".

 

Moskva vilayəti və Domodedovo şəhəri rəhbərliyinin nümayəndələri, qanunverici orqanın deputatları və digər rəsmi şəxslər yerli Azərbaycan diasporunun gördüyü işlərdən danışıblar.

 

Tədbirdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan diasporunun Moskva vilayətinin həyatında fəal iştirak etdiyini söyləyib. Səfir Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun adından Əlizaman Rəhimov və Araz Mürsəliyevi Azərbaycan diasporunun Rusiya cəmiyyətinə inteqrasiyasına və regionda çoxsaylı mədəni-humanitar tədbirlərin keçirilməsinə göstərdiyi  yardıma görə mükafatlandırıb. O, Azərbaycan diasporunun fəallarını da səfirliyin fəxri fərmanları ilə təltif edib.

 

Daha sonra tədbirdə Azərbaycan və Rusiya incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil olunub. Azərbaycanın xalq artisti Samir Cəfərov, Rusiyanın xalq artisti Lev Leşenko və digərləri musiqi nömrələri ilə çıxış ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR