Azərbaycanda bələdiyyələrin qanunsuz verdiyi xeyli torpaq sahəsi geri qaytarılıb

15:23 29 Dekabr 2014
81 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Bələdiyyənin fəaliyyətində aşkar edilmiş ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 40 material prokurorluğa göndərilib. Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 3300 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub. Trend xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirlikdə keçirilən kollegiya iclasında təqdim olunan bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzədə bildirilib.

Məruzəyə görə, 2014-cü ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 54000-ə çatıb, onlardan 1700-dən çoxu nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Bələdiyyə aktlarının surətlərinin qanunvericiliyə uyğun olaraq vaxtında təqdim edilməməsinə görə 266 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Məruzənin Milli Məclisə təqdim olunması barədə qərar qəbul olunub.

Eyni zamanda, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsi, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılması, metodiki yardımın səviyyəsinin artırılması, regional ədliyyə şöbələrinin imkanlarından səmərəli istifadə olunması üzrə və digər tapşırıqlar verilib.

Bələdiyyələrin milli (şəhər, kənd və qəsəbə) assosiasiyalarının iştirakı ilə keçirilən iclasda Azərbaycan bələdiyyələrinin elektron portalının təqdimatı da keçirilib.

Qeyd edilib ki, bələdiyyə fəaliyyətinə dair bütün zəruri məlumatları əhatə edən portalın yaradılması təşəbbüsü Ədliyyə Nazirliyi tərəfindən cari ilin yayında bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında irəli sürülərək onun qısa müddətdə hazırlanmasına nail olunub. Portalda vətəndaşlar yerli özünüidarəetmə orqanlarına onlayn rejimində müraciət etmək, bələdiyyələr, bələdiyyə assosiasiyaları, onların dislokasiyası və fəaliyyətinə dair məlumatlar, statistik göstəricilər, həyata keçirdikləri xidmətlər və s. barədə ətraflı informasiya almaq imkanı əldə edəcəklər. Eyni zamanda, gələcəkdə seçkilərin fərdi nəticələri bəlli olduqdan sonra bütün bələdiyyə üzvləri haqqında məlumatların da portalda yerləşdirilməsi nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR