İqlim dəyişikliyi 750 milyon insanın evinin su altında qalmasına səbəb ola bilər

İqlim dəyişikliyi 750 milyon insanın evinin su altında qalmasına səbəb ola bilər
17:58 11 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Yer atmosferinin orta illik temperaturunun 4 dərəcə selsi yüksəlməsi Dünya okeanının səviyyəsinin artmasına və 470-750 milyon insanın evlərinin su altında qalmasına səbəb ola bilər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “Climate Central” tədqiqat təşkilatı məlumat yayıb.
Sahilyanı rayonların peyk çəkilişlərini, həmçinin planetimizdə temperatur dəyişikliyindən asılı olaraq Dünya okeanının səviyyəsinin göstəricilərini analiz edən alimlər kompyuter vasitəsilə böyük risk zonasında olan meqapolisləri gözləyən subasma ssenarisini modelləşdiriblər. Bu şəhərlərin arasında London, Nyu-York, Sidney, Şanxay və Tokio da yer alır.
Proqnozlar 2100-cü ildən sonrakı dövrü əhatə edir. Bu halda ən çox zərərin Çinə dəyəcəyi gözlənilir. Belə ki, burada 140 milyon insan evsiz-eşiksiz qala bilər. Həmçinin Banqladeş, Vyetnam, Hindistan və Yaponiyanın sahilyanı rayonlarında yaşayan əhali də böyük risk altındadır. Yaponiyada ən pis halda 30 milyon insanın, yəni ölkə əhalisinin dörddə birinin evinin su altında qalacağı proqnozlaşdırılır.
Alimlərin fikrincə, yaxın zamanda hökumətlər parnik effekti yaradan qazların havaya atılmasının qarşısını almaq üçün hər hansı bir konkret tədbirlər görməsə, faciəvi nəticələr qaçılmaz olacaq.
Bəzi mütəxəssislər belə hesab edir ki, BMT-nin Parisdə keçiriləcək konfransında gündəmə gətiriləcək iqlim problemləri hədəflərinə nail olunacağı halda belə, bu, atmosferə tullantılar atılmasına radikal şəkildə təsir edə bilməyəcək. “Climate Central” tədqiqat təşkilatının bu istiqamətdə tədqiqatlarla məşğul olan mütəxəssisi Ben Strauss 2 dərəcə temperatur artımının 130 milyon nəfərə təsir edəcək nəticələrə səbəb olacağını, gələcəkdə isə bu rəqəmin 4-5 dəfə arta biləcəyini deyir.
BMT-nin iqlim dəyişiklikləri məsələsinə həsr olunmuş konfransı noyabrın 30-dan dekabrın 11-dək Paris şəhərində keçiriləcək. Konfransda 80-dən çox ölkədən hökumət başçılarının iştirak edəcəyi, 2020-ci ildən sonra Kioto protokolunu əvəzləyəcək yeni beynəlxalq sazişin imzalanması gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqlim_deyisikliyi_750_milyon_insanin_evinin_su_altinda_qalmasina_sebeb_ola_biler-901088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR