Mərakeş müğənnisi Samira Belhac MBC telekanalında “Sarı gəlin” mahnısını ifa edib

Mərakeş müğənnisi Samira Belhac MBC telekanalında “Sarı gəlin” mahnısını ifa edib
18:23 11 Noyabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Mərakeşin tanınmış müğənnisi Samira Belhac Yaxın Şərqin məşhur MBC kanalının "Kəlam Navaim" verilişinin qonağı olarkən Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa edib.
Samira Belhacd əvvəlcə Bakıya səfəri zamanı şahidi olduqlarından və Azərbaycan musiqisini ifa etmək qərarına necə gəldiyindən danışıb. İfaçı deyib: “Musiqi insanları birləşdirir. Azərbaycana dostum, həmkarım Səd Ləmcərrədlə birlikdə getmişdik. Səfərdən əvvəl Azərbaycan dili və bu ölkə haqqında o qədər də məlumatı deyildim. Azərbaycana, əsasən, Mərakeş, ərəb musiqisini təqdim etmək üçün getmişdim”.
“Bizə xidmət göstərən taksi sürücüsündən Azərbaycanda ən məşhur mahnı barədə məlumat verməsini xahiş etdim. O, mahnının adını yazdı, mən də yutubda onu axtarıb tapdım. Tədbirin başlanmasına bir saat qalmış musiqini repetisiya etdim. Azərbaycanda teatrlar çoxdur. Xalq bu sənətlə fəxr edir. Mən böyük bir teatrın səhnəsinə çıxdım. Həmkarımla birlikdə Mərakeş mahnısı oxuduqdan sonra tamaşaçılara sürpriz etdim. Tərcüməçiyə dedim ki, Azərbaycanca mahnı oxumaq istəyirəm”, -deyə mərakeşli ifaçı bildirib.
Samira Belhac deyib ki, o vaxt mahnının sözlərini anlamırmış. "Sarı gəlin" adlanan bu mahnı gənc oğlanla qızın nakam sevgisindən bəhs edir.
Bu məqamda aparıcının - Bəs niyə mahnını gülərüzlə oxudun? -sualına isə ifaçı belə cavab verib: “Yox, əksinə çəkinə-çəkinə oxudum. Sözləri səhv tələffüz edəcəyimdən qorxurdum. Mən mahnını oxuyanda bütün iştirakçılar ayağa qalxdı, onların gözlərindən yaş axırdı. Bu zaman ifamı saxladım, qorxudan tir-tir əsirdim. Sonra mənə dedilər ki, davam edim. Həmin tədbirdə mədəniyyət naziri, diplomatlar, yüksək vəzifəli şəxslər iştirak edirdi. Mən bir daha anladım ki, dil insan hisslərinin ötürülməsində maneə ola bilməz."
Aparıcıların xahişini nəzərə alan ifaçı verilişdə “Sarı gəlin”dən bir parça səsləndirib.
Qeyd edək ki, Samira Belhac Bakıda keçirilmiş Mərakeş Mədəniyyəti Günləri çərçivəsində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunan konsert proqramında çıxış edib. O, tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib: “Sarı gəlin” xalq mahnısı həzin, gözəl musiqisi ilə məni ovsunladı. Bu bənzərsiz mahnı üzərində daha çox işləyərək onu musiqi albomuna daxil edəcəyəm. Bu mahnı mənim Azərbaycan musiqisi, Azərbaycan dili ilə ilk tanışlığım oldu. Mahnı və onun gözəl musiqisi məni sadəcə heyran etdi. Əslində bizdə türk mahnıları çox sevildiyindən konsertlərimdə türk musiqilərinə yer verirəm. Amma sırf Azərbaycan dilində, sizin ləhcənizdə ifam yox idi. Mərakeşə qayıtdıqdan sonra öz milli alətlərimizin müşayiəti ilə “Sarı gəlin” mahnısını studiyada yazdıraraq həm növbəti albomuma daxil edəcəyəm, həm də konsertlərimdə böyük məmnuniyyətlə oxuyacağam. Düşünürəm ki, musiqidə bizi birləşdirən, görünən və görünməyən çox əlaqələr, oxşarlıqlar var. Elə buna görə də Azərbaycan və Mərakeş motivləri əsasında bir mahnı bəstələməyi də düşünürəm”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merakes_mugennisi_Samira_Belhac_MBC_telekanalinda_Sari_gelin_mahnisini_ifa_edib-901101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR