Akademik Milli Dram Teatrı ilə Yaponiya teatrları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Akademik Milli Dram Teatrı ilə Yaponiya teatrları arasında əməkdaşlıq məsələləri müzakirə olunub
18:28 11 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə teatr sahəsində gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
Yaponiya ilə Azərbaycan arasında mədəniyyət sahəsindəki əlaqələrin inkişafını yüksək qiymətləndirən diplomat deyib: “Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bizim ölkəmizlə mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində səmərəli fəaliyyət göstərir. Mən iki ölkə arasında siyasi və iqtisadi sahədə olan əlaqələri yüksək qiymətləndirirəm. Ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq hər zaman yüksək olub. Belə ki, kinofestivallar keçirilib, sərgilər təşkil olunub, mətbəx nümunələri nümayiş etdirilib. Bu, əlbəttə, iki xalqın daha da yaxınlaşmasına öz töhfəsini verir. Biz Azərbaycanın Yaponiyadakı səfirliyi ilə də danışıqlar aparacağıq və Azərbaycan teatrının Yaponiyada tanıdılması istiqamətində səylərimizi artıracağıq”.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bildirib ki, yapon mədəniyyəti və ədəbiyyatı Azərbaycanda çox sevilir. Teatrın direktoru əməkdaşlığın teatr sahəsində də davam etdirilməsinin zəruriliyini vurğulayıb: “Təklif edirəm ki, yapon dramaturqlarının əsərləri orijinaldan tərcümə edilib Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulsun. Mən Yapon rejissorlarını bizim teatrda tamaşa hazırlamağa dəvət edirəm. Akademik Milli Dram Teatrında dünyanın müxtəlif ölkələrindən olan rejissorlar tamaşa hazırlayıblar və bu gün həmin ölkələrlə bizim teatr sahəsində əlaqələrimiz mövcuddur. İstərdik ki, bu əlaqələr Yaponiya teatrları ilə də yüksək səviyyədə mövcud olsun”.
Səfir Tsuquo Takahaşi yapon dramaturqlarının əsərlərinin tərcümə olunması və rejissorların qarşılıqlı əməkdaşlığı istiqamətində səfirlik vasitəsi ilə danışıqların aparılacağını bildirib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akademik_Milli_Dram_Teatri_ile_Yaponiya_teatrlari_arasinda_emekdasliq_meseleleri_muzakire_olunub-901103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR