Azərbaycanda pulsuz dini Wi-Fi zonalar yaradıla bilər

Azərbaycanda pulsuz dini Wi-Fi zonalar yaradıla bilər
21:12 11 Noyabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Müasir dünyada dini icmalar sıralarını genişləndirmək məqsədilə bir sıra vasitələrlə yanaşı, internet auditoriya uğrunda da ciddi mübarizə aparırlar. Onların arasında radikallığı ilə seçilən, din pərdəsi altında gizlənən ekstremist cərəyanlar xüsusi fəallığı ilə seçilir.

Bunu nəzərə alaraq Rusiyada əhalinin dini maarifləndirilməsi üçün müasir texnoloji imkanlardan daha səmərli şəkildə faydalanmaq qərarına gəliblər. Belə ki, Rusiyanın Dinlərarası Şurasından verilən məlumata görə, Rusiyada imanlı vətəndaşlar üçün təmiz interneti təmin etmək üçün xüsusi pulsuz dini Wi-Fi girişi nöqtələri yaradılacaq. Dini Wi-Fi sektantların və ekstremistlərin məlumatlarını, eləcə də saxtalaşdırılmış tarixi faktları və porno ilə bağlı sorğuları bloklayacaq.

Pulsuz Wi-Fi nöqtələri dini məbədlərdə, əhali, xüsusən də gənclər arasında populyar olan şəhər meydanlarında və digər ictimai yerlərdə quraşdırılacaq.

Artıq bu layihəyə Rusiyanın müvafiq dövlət qurumları dəstək verəcəklərini də bəyan ediblər.

Bəs Azərbaycanda necə, belə bir sistemin tətbiqinə ehtiyac varmı və bunu etmək mümkündürmü?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Milli.Az-a bildirib ki, belə bir sistemin tətbiqinin böyük sosial əhəmiyyəti və onun Azərbaycanda da tətbiqi texniki cəhətdən tam mümkündür: "Nəzərə alsaq ki, son zamanlar radikallğın və ekstremizmin qarşısının alınması üçün insanların dini sahədə maariflənməsinə ehtiyac var, bu baxımdan pulsuz dini Wi-Fi nöqtələrinin yaradılmasının böyük sosial-ictimai əhəmiyyəti var. Əgər maliyyələşmə olsa, bunu həyata keçirmək problem olmamalıdır".

Lakin ekspertin fikrincə, Azərbaycanda nəinki dini Wi-Fi, ümumiyyətlə ictimai yerlərdə - mədəniyyət, ticarət mərkəzlərində, parklarda, üniversitetlərdə, dini və s. yerlərdə internetlə və Wi-Fi-la bağlı ciddi problemlər var: "Bu problemlər əsasən maliyyələşmə ucbatından həll edilmir. Amma düşünürəm ki, Azərbaycan hökumətinin buna imkanı çatar ki, insanların çox toplaşdıqları müəyyən ictimai, sosial, mədəni əhəmiyyətli yerlərdə bunu həyata keçirə bilsin. Çünki bu çox vacib məsələdir. Başqa ölkələrlə müqayisədə Wi-Fi texnologiyası üzərindən internetə əlçatımlılıqla bağlı Azərbaycanda problemlər var. Əlbəttə, belə bir infrastruktur qurulsa, müəyyən filtrasiyanın, süzgəcin də qurulması problem yaratmayacaq. Məsələn, hökumət təhsil sektoruna internet verir. Bu sektora verilən internet süzgəcdən keçirilir. Orada uşaqların əldə olunması qadağan olunan informasiyaları əldə etmələri mümkün deyil. Belə şeyləri universitetlərdə, parklarda, o cümlədən dini yerlərdə etmək olar. Burada qanunvericiliklə müəyyən informasiyaların alınması məhdudlaşdırıla bilər".

İçərişəhər "Gileyli" məscidinin axundu, ilahiyyatçı Mirhəmid Mirtofiqoğlu da Milli.Az-a açıqlamasında belə bir sistemin Azərbaycanda tətbiq olunacağı halda çox səmərəli olacağına inandığını deyib: "Dini maarifləndirmə hər baxımdan təqdirəlayiqdir. İnsanlara dini düzgün öyrətmək, onlara bu işdə kömək etmək savab əməllərdən hesab olunur. Pulsuz dini Wi-Fi vasitəsilə insanların internetlə dini maarifləndirilməsi məsələsi də yaxşı fikirdir. Kim bunu edirsə, insanların din haqqında doğru məlumatlar əldə etməsini kim təmin edirsə, yaxşı iş görür. Amma təbii ki, bu, xərclə olan məsələdir. Düzgün dini maarifləndirmə, insanları zərərli cərəyanlardan uzaq tutmaq və əsl həqiqəti insanlara çatdırmaq həm dövlətimizə, həm cəmiyyətimizə, həm alimlərimizə, ümumilikdə hər kəsə gərəkdir. İnsanlara doğru yolu göstərmək lazımdır ki, adını dini cərəyan qoyan əyri, saxta, xoşagəlməz yollardan uzaq dursunlar. Əgər Azərbayanda da belə bir imkan yaradılsaydı, çox gözəl olardı. Bu, ümumən istənilən, arzulanan bir şeydir".

Milli.Az-ın sorğusuna cavab olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyəti şöbəsinin müdiri İsfəndiyar Əliyev isə bildirib ki, əgər müvafiq qurumlar tərəfindən sifariş olarsa, Azərbaycanda da ictimai yerlərdə pulsuz Wi-Fi zonalarının yaradılması problem deyil: "Bizim nazirliyin əsas funksiyası ondan ibarətdir ki, əhalinin, vətəndaşların internetə və digər rabitə xidmətlərinə çıxışını təmin etsin. Qanunvericiliklə müvafiq qaydada texniki olaraq istənilən yerdə Wi-Fi zonaların yaradılması mümkündür. Sadəcə bunun maliyyələşməsi məsələsi həll olunmalıdır. Aidiyyatlı qurumlar tərəfindən belə bir təşəbbüs olsa və bizə müraciət edilsə ki, filan yerlərdə Wi-Fi zonanın yaradılmasına baxılsın, bu işləri həm dövlət qurumları, həm də özəl sektordakı mütəxəssislər həyata keçirə bilərlər. Çünki bunun həyata keçirilməsi üçün texniki baxımdan ciddi problem yoxdur. Filtrasiyanı də tətbiq etmək mümkündür. Lakin kontentlə, hansı mövzularla bağlı məlumatların əldə edilməsi ilə bağlı məsələ isə artıq bizim səlahiyyətimizə aid deyil".

Milli.Az məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də rəyini öyrənməyə çalışıb. Dövlət Komitəsindən bildiriblər ki, sorğu yaxın zamanda cavablandırılacaq.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR