Rusiya hərbçilərindən dəhşətli cinayət (FOTO)

Rusiya hərbçilərindən dəhşətli cinayət (FOTO)
22:41 11 Noyabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tacikistanın paytaxtı Düşənbədə yerləşən 201-ci hərbi bazasının zabiti dəhşətli qətldə şübhəli bilinir.

ANS PRESS-in məlumatına görə, 22 yaşlı Şoira Cobirovanın meyiti üzərində çox saylı zorakılıq izləri ilə şəhər zibilxanasından tapılıb. Mərhumun yaxınlarının sözlərinə görə, qızın bütün bədəni qançır içində olub, çənəsi isə sındırılıb. Tacikistan daxili işlər nazirliyinin məlumatına görə, qız ölümündən əvvəl döyülüb və zorlanıb.

Şoira Cobirova Düşənbə kafelərindən birində aşbaz köməkçisi kimi çalışıb və bura tez-tez şam etməyə gələn rus hərbi qulluqçuları ilə tanış olub.

Qətl haqda məlumat mərhumun anası İdiqul Əzimovanın qızını axtarışa verməsindən sonra məlum olub. Ananın sözlərinə görə, axtarışlarda ona yerli taksi sürücüsü kömək edib. “Sürücü bir qızı və 4 rus hərbi qulluqçusunu Rusiyanın hərbi bazasının yerləşdiyi şəhərciyə apardığını dedi. Onun sözlərinə görə, qız yol boyu susub, lakin görünürdü ki, o, nədənsə qorxur. Bu sürücünü şübhələndirib və səhər açılanda qızın polis və yaxınları tərəfindən axtarıldığını görən taksi sürücüsü, istintaqa bu haqda məlumat verib”, - deyə mərhumun qohumu Abdukərim Nizomov bildirib.



Şoira Cobirova - qətlə yetirilən


Qətldə şübhəli qismində Düşənbədə müqavilə əsasında qulluq edən rusiyalı zabit, baş leytenant İvan Şerbakov saxlanılıb. İlkin məlumata görə, noyabrın 4-dən 5-nə keçən gecə qızı yaşadığı yataqxanaya dəvət edib və orada qətlə yetirib. Saxlanılan şəxs sərxoş olduğu üçün heç nə xatırlamadığını deyir.

Şahidlərin qızın kafeni 4 nəfərlə birgə tərk etdiyini iddia etməsinə baxmayaraq sadəcə bir nəfərin tutulması şəhərdə narazılıqlara səbəb olub.

201-ci hərbi bazadan verilən məlulamata görə, digər üç nəfərin qətlə heç bir aidiyyatı yoxdur, qətldə əsas şübhəli İvan Şerbakovdur.

Düşənbədə yerləşən 201-ci Rusiya hərbi bazasının mətbuat xidmətinin insidentlə bağlı yaydığı xəbərdə deyilir ki, hərbi bazanın qulluqçusu tərəfindən yerli sakinin öldürülməsi faktı rus və tacik hüquq-mühafizə organları birgə araşdırma aparırlar.

Hazırda baş verənlərin detallarını müəyyən etmək üçün hərbi bazada mərkəzi hərbi dairənin komissiyası çalışır.


Tacikistanda yerləşən 201-ci hərbi baza


Rəsmi Düşənbə Rusiya tərəfinə hadisə ilə bağlı təcili tədbir görülməsi üçün müraciət edib. Bununla bağlı Rusiyanın Tacikistandaki səfiri İqor Lyakin-Frolova etiraz notası təqdim olunub.

“Baş verən hadisə ölkələrimiz arasında olan ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinə ziddir. Tacikistan tərəfi Rusiya tərəfindən insidentə obyektiv qiymət verilməsini tələb edib”, - Tacikistanın etiraz notasında belə deyilir.

Tacik qızın öldürülməsi rusiyalı hərbçilərin adının hallandığı ilk səs-küylü iş deyil. Bu ilin iyulunda Kulyabda hərbi xidmətdə olan rus hərbçiləri sərxoş vəziyyətdə şəhər sakinləri ilə kütləvi dava ediblər. Hadisə zamanı hərbçilər taciklərin ünvanına millətçi təhqirlər səsləndiriblər.

Rusiya hərbi qarnizonu Kulyabda şəhərin mərkəzində 40 hektar ərazidə yerləşir.

Tacikistanda yerləşən 201-ci motoatıcı diviziya Rusiya hüdudlarından kənar yerləşən rus hərbi qüvvələrinin ən iri bazası hesab edilir. Mərkəzi Asiyanın ən böyük hərbi bazalarından biri olan qarnizonun bölmələri Düşənbə, Külyab və Kurqa-Tyubedə yerləşir.

Bu bazanın şəxsi heyəti 7 000 nəfərdən ibarətdir.


201-ci motoatıcı diviziyanın qulluqçuları


Moskva və Düşənbə arasında əldə edilən razılaşmaya əsasən hərbi bazanın Tacikistanda yerləşmə müddətini 2042-ci ilədək uzadılıb.

Bundan əlavə iki ölkə arasında imzalanan sənədə görə, Tacikistan ərazisində cinayət törədən şəxslər araşdırmalar üçün Rusiya tərəfinə təhvil verilməlidir.

Bu hadisə Rusiya hərbi bazasının yerləşdiyi MDB ölkələrində artıq ikinci belə haldır. Daha əvvəl Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın qulluqçusu Valeri Permyakov bir erməni ailəsinin 7 üzvünü qətlə yetirib.

Motivləri hələ də bilinməyən cinayət zamanı Permyakov Avetisyan ailəsinin 6 üzvünü güllələyib, 6 aylıq körpəni isə süngü ilə vurub. Yeddi gün boyunca həkimlər altıaylıq körpənin həyatı üçün mübarizə apararaq onun üzərində iki əməliyyat keçirsələr də, o, yanvarın 19-da vəfat edib.


Valeri Permyakov - 102-ci hərbi bazanın qulluqçusu


Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir. Yanvarın 14-də ona Ermənistanın və Rusiyanın Cinayət Məcəllələrinin müxtəlif maddələri üzrə ittiham irəli sürülüb.

Permyakovun erməni ailəsini öldürdükdən sonra Ermənistanın bir sıra şəhər və rayonlarında etiraz aksiyaları keçirildi. Etirazların ən güclüsü isə 102-ci hərbi bazanın yerləşdiyi Gümrü şəhərində baş verdi. Nümayişçilər hətta Rusiya hərbi bazasının ölkədən çıxarılmasını da tələb edirdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR