Rusiyanın Qarabağ planı açıqlandı (VİDEO)

Rusiyanın Qarabağ planı açıqlandı (VİDEO)
02:01 12 Noyabr 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanını xarici işlər naziri Sergey Lavrovun Ermənistana baş tutmuş səfərilə bağlı Ermənistan və Rusiya mətbuatında müxtəlif fikirlər hələ də səslənməkdədir. Əsas iddialardan biri budur ki, rəsmi Moskva Qarabağ münaqişəsinin həlli ilə bağlı öz rolunu artırmaq üçün tərəflərə təzyiqlər etmək istəyir.

ANS TV-nin məlumatına görə, Rusiyanın xarici siyasət idarəsi rəhbəri Sergey Lavrovun Ermənistanda Qarabağ məsələsini ilk növbədə müzakirə etməsilə bağlı erməni mətbuatından sonra rusdilli nəşrlər də bu mövzuya yer veriblər.

“Komersant” yazır ki, bu səfər təmas xəttində artan gərginlik, atəşkəs rejiminin mütəmadi pozulması fonunda baş tutub. Məsələnin sülh yolu ilə bağlı gündəlikdə duran plan belədir.

Ermənistan Qarabağ ətrafında işğal olunmuş torpaqların böyük hissəsi, bir neçə rayonu boşaldaraq Azərbaycana qaytarır. Ermənistanla əlaqə üçün Laçın dəhlizinə, ola bilər ki, daha bir rayona nəzarəti ermənilər özündə saxlayır. Bu plana zəmanət kimi əraziyə BMT və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrindən ibarət sülhməramlıların yerləşdirilməsi göstərilir.

Xatırladaq ki, erməni nəşrləri yazmışdı ki, Rusiya Ermənistanı bir neçə rayonu boşalmağa razı salmaqla, Azərbaycanı Avrasiya İqtisadi İttifaqına qoşmaq istəyir.

Yerli politoloqlar bu qənaətdədir ki, Azərbaycan erməni tərəfinin atəşkəsi pozma hallarına 10 qat artıq cavab verir və bu həm Ermənistanı, həm də onun ən yaxın müttəfiqi Rusiyanı narahat etməyə bilməz. İndiki halda əgər təkliflər varsa, rəsmi Bakı bu təklifləri nəzərdən keçirməlidir.

“Biz təbii ki, ilk növbədə rayonların boşaldılmasında maraqlıyıq. Bu bizim üçün əsas prioritet məsələdir. Əgər bunun müqabilində hansısa şərtlər qoyulursa, təbii ki, bu şərtlərə baxıb, onu müzakirə etməliyik. Şərtlər bizim maraqlarımıza cavab verirsə, bəlkə də hansısa bir addım ata bilərik”, – deyə politoloq Fikrət Sadıqov bildirib.

Əlbəttə ki, Azərbaycan Rusiya üçün əlverişli portnyordur. Onun iqtisadi göstəriciləri, təbii ehtiyatları, potensialı, bugünkü irələyişləri çoxdan Moskvanın diqqətindədir. Rusiya istəyərdi, belə bir ölkəni öz təşkilatlarında görsün. Lakin bu dövlətüstü qurum Azərbaycana nə verə bilər.

Boşaldılmış torpaqlarda sülhməramlıların yerləşdirilməsi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, başqa sözlə Rusiyanın birbaşa təsiri altında olan qüvvələrdən deyil, BMT bayrağı altında formalaşan ayrı-ayrı ölkələrin hərbi kontingentindən ibarət sülhməramlılar ola bilər.

İqtisadçı Oqtay Haqverdiyev düşünür ki, Avrasiya İqtisadi İttifaqın Azərbaycana səmərəsi yoxdu. Çünki bu ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 12 faizdir:

“Əlbəttə ki, biz onda uduzuruq. Çünki bizim xarici ticarət əlaqələrimiz bilavasitə Qərbə bağlıdır. Bizim ixrac etdiyimiz məhsullar neft və qazdır. Bu məhsulların bazarı da ordadır”.

İstisna deyil ki, təmas xəttindəki gərginlik nə vaxtsa, alovlanaraq genişmiqyaslı döyüş meydanına çevrilsin. Qüvvələr balansının Azərbaycanın xeyrinə olması Ermənistana bəllidir. Ona görə nə qədər ki, gec deyil, İrəvan istəyərdi ki, mövqeləri 3-cü bir tərəfə təhvil versin, bu BMT qüvvələri də ola bilər, KTMT-də.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR