“TANAP gələcək nəsillərə qoyulacaq böyük miras olacaq"

“TANAP gələcək nəsillərə qoyulacaq böyük miras olacaq"
05:16 12 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Trans-Anadolu qaz boru kəməri - TANAP layihəsi çərçivəsində görülən işlər plandan daha sürətlə irəliləyir.

ANS PRESS-in məlumatına görə, TANAP-dan bildirilib ki, boru kəməri 19 kilometri Çanaqqala boğazı keçidi olmaqla ümumilikdə 1850 kilometrlik bir xətt boyunca Türkiyəni şərqdən qərbə qət edəcək. TANAP layihəsində olduqca çətin ərazi və iqlim şərtlərində boruların təhlükəsiz sahəyə daşınması, yolların açılması, boruların düzülməsi və qaynaq işləri davam etdirilir.

Ərdahandan başlayaraq Ədirnədə yekunlaşacaq TANAP Türkiyədə 20 vilayət, 67 rayon və 600 kənddən keçəcək. Layihə ən müasir texnoloji mühəndislik və dizayn imkanlarından, material və avadanlıqlardan istifadə edilərək reallaşdırılır. Boru xəttinin istismar təzyiqinin yüksək olması və marşrutu boyunca çoxlu sayda keçidlərin (çay, şose yolu, dəmir yolu, telekommunikasiya və elektrik infrastrukturları və s.) olduğu üçün kəmərin inşasında yüksək müqavimətli xüsusi istehsal olunan polad boru və dirsəklərdən istifadə edilir. Buna görə də çətin keçidlər sürətlə və problemsiz dəf edilir. 90 tonluq qaldırma gücünə malik “D9 tipli” “sideboom”lar kimi xüsusi inşaat avadanlıqlarının və texnikaların istifadə edildiyi kəmərin 56 düymlük hissəsində 4 min 400 çay, şose yolu, dəmir yolu, boru xətləri, enerji nəql xətləri, su və sulama sistemləri kimi infrastruktur keçidləri mövcuddur. Bütün bu çətinliklər yüksək mühəndislik infrastrukturu və ən müasir texnoloji avadanlıqlar istifadə edilərək aradan qaldırılır və layihə planlaşdırılan qrafiki də üstələyərək sürətlə irəliləyir.

TANAP tamamlandıqda Türkiyə, Orta Şərq və Avropanın ən uzun (1850 km) və ən yüksək diametrli təbii qaz boru xətti olacaq. TANAP inşaat və istismar mərhələsində Türkiyədə beynəlxalq standartlara cavab verən ətraf mühit və sosial təsir, işçi sağlığı və iş təhlükəsizliyi metodlarının tətbiq edildiyi layihə olacaq. Bütün bu işlər üzrə layihədə 5 min 500 nəfər, ümumi işlərdə isə təxminən 10 min nəfər çalışır.

Hazırda 3 lot üzrə inşa edilən TANAP-da hər lot üzrə kanal qazma işləri davam edir, borular da sürətlə sahəyə yerləşdirilir. TANAP-ın keçdiyi ərazidə torpaq sahələrinin layihə üzrə istifadə edilən işləri tamamlanıb və boru yerləşdirmə işinin 800 kilometrlik hissəsi isə hazırda podratçılara təhvil verilib. Bu ilin sonuna kimi hər lot üzrə 50 kilometr olmaqla, 3 lotun cəmində qaynaq işləri 150 kilometri ötəcək.

TANAP-ın baş icraçı direktoru Saltuk Düzyol deyib: “TANAP iki dost və qardaş ölkə olan Türkiyə və Azərbaycanın gələcək nəsillərinə qoyacaqları böyük bir miras olacaq və bu məqsədə çatmaq üçün TANAP heyəti olaraq var gücümüzlə çalışırıq.”

TANAP layihəsinin mühəndislik, satınalma, inşaat idarəçiliyi və digər layihə fəaliyyətləri London, Bombey, Ankara, Qars, Ərzurum, Ərzincan, Sivas, Yozqat və digər yerlərdə davam edir. Boru xəttinə dair detallandırılmış mühəndislik işlərinin tamamlanma mərhələsinə gəlinən TANAP-da stansiyaların (kompressor və ölçmə stansiyaları) detallandırılmış mühəndislik işləri hazırda icra olunur.

TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Boru kəməri ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=364570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR