Sərnişinlərin həsrətinə son - nazir qərar verib

Sərnişinlərin həsrətinə son - nazir qərar verib
08:05 12 Noyabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

21-ci əsrdir, amma hələ də Azərbaycanda avtovağzal qıtlığı problemi həll olunmayıb.

Bu barədə Milli.Az-a yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. Ekspertin fikrincə, görülən bütün tədbirlərə baxmayaraq, ölkədə avtovağzal və avtostansiya çatışmazlığı problemi hiss olunur: "Rayonların çoxunda düz-əməlli avtovağzal və ya avtostansiyalar yoxdur. Məsələn, götürək elə Sumqayıt şəhərini. Bundan başqa, qanunsuz fəaliyyət göstərən "avtovağzal"lar var. Belə avtovağzallar çox yerdə - bölgələrdə, eləcə də Bakının özündə də bir neçə yerdə, məsələn "20 yanvar" dairəsində var. Onlar faktiki avtovağzal kimi fəaliyyət göstərirlər. Avtomobillər, avtobuslar ora yığılır. Onları oradan qovurlar, bir aydan sonra yenə ora toplaşırlar. Bölgələrdəki avtovağzalların çoxu özəlləşdirildi. Bundan sonra onların bəzilərinin təyinatı dəyişdirilib, bəziləri isə rentabelli olmadığına görə fəaliyyət göstərmirlər. Məsələn, Ağcabədi rayonunda təxminən 50 min nəfər əhali yaşayır. Amma ora işləyən marşrut avtobusu yoxdur".

Nəqliyyat Nazirliyi yanında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızının Milli.Az-a verdiyi açıqlamaya görə, bu problem həllini tədricən tapacaq. Belə ki, artıq bir neçə rayonda yeni avtovağzalların inşası barədə qərar verilib: "Nəqliyyat naziri Ziya Məmmədov tərəfindən bölgələrdə vətəndaşların qəbulu təşkil olunur. Sonuncu dəfə Neftçala və Ağdaş rayonlarında olarkən Ucar, Göyçay, Ağdaş sakinləri müasir tipli avtovağzalın tikilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət etdilər. Bütün müraciətlər qeydə alındı və yaxın müddətə bununla bağlı işlərə başlanılacaq. Bundan başqa, avtovağzal olmayan rayonlarda, eləcə də ehtiyac olarsa, bəzi rayonlarda yeni tipli avtovağzalın tikilməsi ilə bağlı nazirlik tərəfindən tədbirlər görüləcək. Artıq məsələ ilə bağlı işlərə start verilib. Nazir artıq bununla bağlı müvafiq tapşırıqlar verib. Təbii ki, bu məsələ birdən-birə yox, tədricən həllini tapacaq".

Qanunsuz fəaliyyət göstərən avtovağzalların yığışdırılmasına gəlincə, NİİM rəsmisi qeyd edib ki, Nəqliyyat Nazirliyinin müvafiq strukturu qanun çərçivəsində bununla məşğul olacaq.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR