Ziyafət Əsgərov: Heç kim Azərbaycanla şərt dili ilə danışa bilməz

12:43 12 Noyabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

“Əslində Dağlıq Qarabağ problemi SSRİ-dən qalmış bir problemdir və Rusiya da SSRİ-nin hüquqi varisidir. Hüquqi varis kimi Rusiya bu məsələnin həll olunmasında daha çox maraqlı olmalıdır”.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiyanın münaqişənin həllində aktivliyini davam etdirəcəyi barədə İrəvanda səsləndirdiyi fikri şərh edərkən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə deyib.

Z.Əsgərov bildirib ki, çox təəssüf ki, bu günə qədər bir nəticə əldə olunmayıb: “Rusiyanın xarici işlər naziri Bakıda olanda da, Yerevanda olanda da bəyanat verdi. Əgər onlar bu məsələnin yerindən tərpənməsinə köməklik göstərmək istəyirlərsə, bu daha yaxşıdır. Amma biz məsələnin köklü surətdə həll olunmasını istəyirik. Bütövlükdə Dağlıq Qarabağ və ona bitişik rayonlarda Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasını istəyirik”.

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi müqabilində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə iddialara münasibət bildirən Z.Əsgərov deyib ki, heç kim Azərbaycan ilə şərt dili ilə danışa bilməz: “Biz dəfələrlə bəyan etmişik, heç kim Azərbaycan ilə şərt dilində danışmasın, heç kim bizə şərt qoymasın. Azərbaycanın haqqı var ki, suverenliyini və ərazi bütövlüyünü bərpa etsin. O başqa məsələdir ki, Azərbaycan hansı təşkilatlarla hansı formada əməkdaşlıq edəcək. Əgər əməkdaşlıq bizim milli və dövlət maraqlarımıza cavab verəcəksə, buna baxmaq olar”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2455443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR