Avropa İttifaqının yəhudi malları ilə bağlı qərarı İsraili hiddətləndirib

Avropa İttifaqının yəhudi malları ilə bağlı qərarı İsraili hiddətləndirib
14:48 12 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Avropa Komissiyası İordan çayının qərb sahilində, Holan yüksəkliklərində və Şərqi Qüdsdə yerləşən yəhudi məskənlərində istehsal olunan malların məcburi şəkildə işarələnməsi barədə qərarı təsdiqləyib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu qərarın yaxın zamanda qüvvəyə minəcəyi gözlənilir. Beləliklə də, 1967-ci ildə işğal edilən ərazilərdə istehsal olunan mallara bundan sonra “Made in İsrael” markası vurulmayacaq.
Avropa Komissiyası qəbul edilən qərarın siyasətlə əlaqəsi olmadığını qeyd edib. Avro və sosial dialoq məsələləri üzrə Avropa Komissarı Valdis Dombrovskis deyib: “Bu siyasi mövqe deyil, texniki məsələdir. İsrailin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sərhədlər daxilində istehsal etdiyi mallar Avropa bazarında vergi güzəştlərinə malikdir. Bu vəziyyət dəyişməyəcək. Beləliklə də, İsrailə qarşı boykot və ya hər hansı sanksiyadan söhbət getmir”.
Bu arada İsrail direktivi sərt qınaqla qarşılayıb və onu diskriminasiya kimi qələmə verib. ABŞ-da səfərdə olan yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu Avropa ittifaqının bu qərarının ədalətsiz olduğunu və sülh prosesinə xələl gətirdiyini bildirib.
Xatırladaq ki, işğal edilmiş ərazilərdə istehsal olunan malların işarələnməsi məsələsi bir neçə dəfə təxirə salınmışdı. Hazırkı qərara qədər müvafiq işarələnməni Böyük Britaniya, Danimarka və Belçika tələb edirdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Ittifaqinin_yehudi_mallari_ile_bagli_qerari_Israili_hiddetlendirib-901358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR