Azərbaycan çempionuna araba bağışlandı - FOTO

Azərbaycan çempionuna araba bağışlandı - FOTO
16:37 12 Noyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Pauerliftinq üzrə dəfələrlə Azərbaycan çempionu olan Nurlan Babacanova əlil arabası verilib. Araba Azərbaycana Birgə Yardım Təşkilatının İcma Əsaslı Reabilitasiya Mərkəzi tərəfindən təqdim olunub. 

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Nurlan Babacanov ilk uğurunu 2011-ci il mayın 24-də keçirilən pauerliftinq üzrə respublika çempionatında əldə edib. Həmin yarışda II yerə layiq görülən Nurlan növbəti illərdə medallarının sayını artırıb. 

Natiq Əliyev, əməkdar məşqçi: "Dəfələrlə Azərbaycan çempionu olub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa Çempionatında böyüklər arasında qızıl mükafata layiq görülən idmançıdır. Yeni Olimpiya Oyunlarına vəsiqə uğrunda yarışlara qatılmağa iddialıyıq".

Elə əlil arabası da Nurlana təsadüfən təqdim olunmayıb. Arabanı mərkəzə hədiyyə edən xanım onun istedadlı, bacarıqlı və ən əsası əzmkar gəncə verilməsini istəyib. Bir müddət davam edən axtarışlardan sonra İcma Əsaslı Reabilitasiya Mərkəzinin seçimi məhz Nurlan Babacanov olub. Nurlan idmanla uşaq yaşlarından məşğul olur. O deyir ki, bir insan istəyərsə, əldə edə bilməyəcəyi uğur yoxdur.

Nurlan Babacanov: "Tövsiyəm odur ki, mənim kimi uğur əldə etmək üçün çalışsınlar. Həyatdan küsməsinlər. Həyatda mübarizə aparmağı bacarsınlar".

Qeyd edək ki, Nurlanın qardaşı Əli Babacanov da bacarıqlı idmançıdır. O, bu ilin fevral-mart aylarında Dubayda keçirilən paralimpiyaçılar arasında pauerliftinq üzrə Dünya kubokunda gümüş medala sahib olub. Əli, həmçinin milli komandanın üzvüdür. 

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/381966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR