Bakı. 12 noyabr. REPORT.AZ/ Siyəzən rayonunda bir gecədə 4 mağaza yaran dəstə tutulub. "Report" xəbər verir ki, oktyabrın 23-dən 24-ə keçən gecə rayonun H.Əliyev prospektində yerləşən 4 mağaza yarılıb.
Siyəzən Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, şöbəyə daxil olan müraciətlər əsasında əməliyyat axtarış tədbirləri aparılıb: "Polis Şöbəsinə daxil olan müraciətlər əsasında araşdırma aparılıb və məlum olub ki, Seyfur Hörmət oğlu Həmidova məxsus marketdən 1400 manatlıq danışığ kartları, 2000 manatlıq sigaretlər, 150 manat nağd pul, bundan əlavə həmin küçədə yerləşən Nəbi Cəbi oğlu İbrahimova məxsus mağazadan 360 manat dəyərində geyim əşyaları, bu mağaza ilə üzbə-üz küçədə olan digər mağazalardan Balaqadəş Hafiz oğlu Mehtiyevə məxsus mağazadan 200 manat dəyərində sigaret və yenə həmin küçədə yanaşı olan Nəzər Umud oğlu Hüseynova məxsus mağazadan 200 manat dəyərində sigaret, 130 manat isə nəğd pul oğurlanıb".
Polis Şöbəsindən bildirilib ki, faktla bağlı polis şöbəsində əməliyyat axtarış tədbirlərinə başlanılıb: "Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində mağazalarda oğurluq edən şəxslər, Siyəzən rayon Həmyə kənd sakinləri - 1993-cü il təvəllüdlü Anar Əliverdi oğlu Dəmirli, 1993-cü il təvəllüdlü Əmrah Şahlar oğluAllahverdiyev, Siyəzən şəhər sakini 1990-ci il təvəllüdlü Kamran Mirzəxan oğlu Qafarov və Baki şəhər sakini 1990-cı il təvəllüdlü Kamran Bədrəddin oğlu Bədəlov tutulub".
Polis Şöbəsindən bildirilib ki, saxlanılan şəxslərin başqa yerlərdə oğurluq edib-etmədikləri araşdırılır.