x
Loading...

Tükənən rejissor

Tükənən rejissor
18:51 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+
.

Vaxtilə Azərbaycan Televiziyasındakı bir sıra uğurlu layihələri ilə parlayan rejissor Ramiz Həsənoğlunun yaradıcılıq karyerası son illər özünün qürub çağını yaşayır.
 
“Sabah” Yaradıcılıq Studiyasındakı layihələrin, “Ac həriflər”, “Ordan-burdan”, “Evləri köndələn yar” , “Fatehlərin divanı” və başqa televiziya tamaşalarının uğurlu taleyindən sonra xeyli vaxtdır, rejissorun yaradıcılığında ciddi tənəzzül mərhələsi başlayıb.

Özünəvurğunluq, təkəbbür, eqoizm, hamıya yuxarıdan aşağı baxmaq şakəri, qeybət, xılt rejissorun yaradıcılığının əvvəlki dönəmində imza atdığı uğurlu işlərə də kölgə salıb. Məhz bu keyfiyyətlər - yaradıcı adamı içdən gəmirən naqisliklər yaradıcılıq inersiyasına da ciddi zədələr vurub.
 
Təsadüfi deyil ki, rejissorun bu uğursuzluğunu müşahidə edən ən yaxın dostlarından biri də ictimaiyyət arasında belə bir acı etirafdan çəkinmir: Ramiz Həsənoğlu 15 ildir, tükənib! R.Həsənoğlunun son illərdə “Sabah” Yaradıcılıq Studiyasında və Azərbaycan Televiziyasında boynuna götürdüyü bütün layihələr uğursuzluğa düçar olub. Elə götürək “Evləri köndələn yar-2” televiziya tamaşasını: aktyorlar həminki, ssenari normal. Bəs niyə tamaşa öz sələfinin uğurunu təkrarlaya bilmədi və iflasla üzləşdi?
 
Yaradıcılıq prosesindəki qüsurları müşahidə edib dəyərləndirən Az TV rəhbərliyinin, əslində, bu suallara cavabı bəlli idi. Son illər rejissor nəinki ciddi layihələrdə böyük uğursuzluğa düçar olur, hətta ən adi, sıradan işlərin belə öhdəsindən gələ bilmirdi.
 
Budur, Az TV rəhbərliyi rejissora növbəti mətbuat günlərinin birində bayram münasibətilə ədəbi-bədii veriliş hazırlamağı həvalə edir. Amma rejissor bu sıradan, adi bir işin də öhdəsindən gələ bilmir: özünün köhnəlmiş estetikasını fövqəladə bir yenilik kimi verilişə dəvət olunanlara və rəhbərliyə sırımaq cəhdi ironiya və təbəssümlə qarşılanır, nəticə alınmır, veriliş baş tutmur.

Az TV rəhbərliyində artıq Həsənoğlunun tamamilə tükənməsi, adi verilişlərin öhdəsindən gələ bilməməsi, yarıtmazlıq qənaəti formalaşır və ciddi layihələr başqa sənətkarlara həvalə olunmağa başlayır. Keçmiş şöhrətinin parıltısında xumarlanan rejissor isə tükənməsi fikrilə barışmaq istəmir və özünü başqa sahələrdə doğrultmaq xülyasına düşür. Az TV-dən narazılığını açıq büruzə verməyə cəsarət etməyən rejissor özünə yeni həmdərdlər, həmfikirlər tapmağa çalışır. Bu məsələdə onun dadına birinci növbədə bir vaxtlar müxtəlif səbəblərdən Az TV-dən uzaqlaşdırılmış narazılar çatırlar. Az TV-nin qapısından çıxar-çıxmaz rejissor bu köhnə dostlarıyla dərdini bölüşməyə ehtiyac duyur. Onlar isə “Az TV sənin kimi dahinin qədrini bilməz” deyib rejissorun yarasına duz basırlar: beləcə, Həsənoğlunun içində alışıb-yanan qəzəb, qisas ocağı daha da körüklənir.

Az TV sədrindən narazıların xoruna qoşulan Həsənoğlu televiziya rəhbərliyini asıb-kəsməyə başlayır. İçindəki kin və nifrəti, qəzəb və xıltı boğa bilməyən rejissor ən adi insani keyfiyyətləri – minnətdarlıq, vəfa, etibar duyğularını da itirir. Unudur ki, bir vaxtlar ona şöhrət gətirən tamaşalar məhz indiki Az TV rəhbərliyinin diqqəti, qayğısı, görünməyən, üzə vurulmayan təşkilatçılıq bacarığı sayəsində ərsəyə gəlib. Həsənoğlu hətta bir müddət əvvəl Az TV-nin yeni rəhbərliyinın ünvanına söylədiyi difirambları belə unudur. Halbuki çox da uzaq olmayan keçmişdə - Arif Alışanovun AZ TV-ə yenicə təyin olunduğu vaxtlarda deyirdi ki, “Az TV-də aparılan yenidənqurma işləri əməkdaşlarda ətaləti, pessimizmi aradan qaldırıb”.

“Sabah” Yaradıcılıq Studiyasının emalatxanasının yaradılmasında, formalaşmasında Arif Alışanovun müstəsna xidmətlərini xüsusi qeyd edən Həsənoğlu yeni sədrin ansamblların, xor kapellasının, uşaq xorunun qorunub saxlanılmasındakı xüsusi rolundan bəlağətlə danışırdı. Kim bilir, bəlkə də, bu mədhiyyələrin müqabilində Həsənoğlunun ürəyindən Az TV-də daha yüksək vəzifələr tutmaq, hətta deyilənə görə, “ Mədəniyyət” kanalının rəhbəri olmaq keçirmiş. Elə ki, arzular və ümidlər puç olur, Az TV rəhbərliyi yanında etimadını tamam itirən Həsənoğlu başqa səmtə üz tutur, keçmiş şöhrətinin dividendləri hesabına hələ də onun istedadına ümid bəsləyənlərdən bəhrələnmək sevdasına düşür.

Xalq yazıçısı Anarla isti münasibətlərinə və keçmiş uğurlu əməkdaşlığına güvənərək onun saqqızını oğurlaya bilir və televiziya rejissoru kimi bütün mövqelərini itirmiş Həsənoğlu “Cavid ömrü”, “Sübhün səfiri” filmlərinin rejissorluğunu qamarlamağa nail olur. Amma bu cəhdlər də iflasa uğrayır. Hər iki filmdəki rejissor işinin primitivliyi, televiziya tamaşası estetikasının kinoya gətirilməsi gözdən yayınmır və kəskin tənqid hədəfinə çevrilir.
 
Xalq yazıçısı Anarın nüfuzunu, Həsənoğlunun keçmiş uğurlarını nəzərə alanlar öz tənqidi fikirlərini açıq-aşkar deməsələr də, müxtəlif səviyyəli söhbətlər zamanı filmlərdə rejissor işinin zəif və qüsurlu olması barədə mülahizələr ara vermir. İş o yerə çatır ki, şifahi şəkildə səslənən bu tənqid və iradlar rejissorun özünə gəlib çatır və o da deyilənlərlə razılaşmağa məcbur olur. Hətta etiraf edir ki, ən yaxın dostu, etibarlı və sanballı kino tənqidçisi Aydın Talıbzadə hər iki filmdən narazı qalıb.
 
Kino rejissorluğu cəhdi iflasa uğrayan Ramiz Həsənoğlu teatr sahəsində özünü yenidən təsdiq etmək niyyətinə düşür. Və nüfuzundan istifadə edərək Xalq şairi Vaqif Səmədoğlunun yubileyi ərəfəsində onun plana salınmış “Generalın son əmri” pyesinin rejissorluğunu ələ keçirə bilir. V.Səmədoğlunun xəstə olduğu, ömrünün son günlərini yaşadığı vaxtlarda müəllifin fikirlərini qulaqardına vuraraq pyesi tez-tələsik səhnələşdirir və nəticədə heç kimin bəyənmədiyi, sükutla qarşılanan yeni bir “uğura” imza atır.
 
Nəhayət, Həsənoğlu “Yuğ” Teatrındakı son rejissor işiylə quşu lap gözündən vurur. Gənc müəllifin uğursuz, qorxaq, müti aktyorun faciəsi haqda yazdığı pyesinə ideyadan uzaqlaşaraq yanlış traktovka verməklə, uğursuz finalla, özünü pis vəziyyətdə qoyması bir yana, Azərbaycan teatrına misilsiz xidmətlər göstərmiş əfsanəvi, klassik aktyor nəslini də təhqir edir, uğursuz bir aktyorun taleyini klassik aktyorlarımıza bənzədərək onların teatr qarşısındakı xidmətlərini ironiya hədəfinə çevirir. Tamaşaya baxan ən hazırlıqsız tamaşaçı belə, rejissorun qurama artırmalarının yanlış olduğunu, əslində, bununla teatr tariximizə hörmətsizlik edildiyini açıq şəkildə bildirirlər.
 
İstər Az TV-də, istərsə də kino və teatr sahəsindəki uğursuzluqları bu tükənmiş adama dərs olmur, iddia və eqo əsl reallığı dərk etməyə imkan vermir. Yenə böyük iddialar, yenə məşhurluq xülyaları! Bir də görürsən, mediada xəbər yayılır: “Ramiz Həsənoğlu İrəvan xanlığının tarixindən 7 seriyalı film çəkəcək”. Hətta rejissor çıxıb bu barədə müdrik-müdrik müsahibələr də verir. Amma aradan 3 il keçir, filmdən heç bir xəbər çıxmır. Hələ bu harasıdır, çox keçmir, mediaya növbəti xəbər ötürülür. Bu dəfə Həsənoğlu özü iddia edir ki, “Dədə Qorqud” barədə 12 seriyalı film çəkiləcək və filmin çəkilişi ona həvalə olunacaq. Amma iddialar yenə də söz olaraq qalır.

Əslində, adıçəkilən bu filmlərin reallaşması məhz elə Həsənoğlunun boş iddiaları sayəsində gecikir. Çünki Az TV-də olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyində, digər yüksək instansiyalarda da Ramiz Həsənoğlunun yaradıcılıq potensialının tükənməsi barədə birmənalı fikir formalaşıb. Bunu onun son illərdə gördüyü, iflasla nəticələnən layihələr sübut edir. Bir də əgər ən yaxın dostları da onun sənətkar kimi tükəndiyi barədə əminliklə danışırlarsa, dağa-daşa düşməyə hacət yoxdur. Hər şey çox sadədir: heç bir uzaqgörən idarəçi xalqın tarixi ilə bağlı belə əhəmiyyətli və sanballı layihələrin tükənmiş rejissorun iddiasına qurban getməsinə imkan verməz!

525.az

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR